Xəbər lenti

"Hicab məsələsi İranın Azərbaycana təsir cəhdlərindən ayrı deyil" - Sədrəddin Soltan
Siyasət14:14 12.10.2026

"Hicab məsələsi İranın Azərbaycana təsir cəhdlərindən ayrı deyil" - Sədrəddin Soltan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda hicab məsələsi ətrafında süni gərginliyin yaradılması, məktəbli forması ilə bağlı müzakirələrin dini azadlıqlara qarşı addım kimi təqdim olunması diqqət çəkir. Məsələnin bu şəkildə gündəmə gətirilməsi cəmiyyətdə dini və dünyəvi baxışların qarşı-qarşıya qoyulması ilə yanaşı, İranın Azərbaycana dini-ideoloji təsir göstərmək və ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri barədə müzakirələri də aktuallaşdırır.

Mövzu ilə bağlı fikirlərini Qaynarinfo-ya bölüşən politoloq Sədrəddin Soltan hesab edir ki, hicab məsələsi İranın Azərbaycana təsir göstərmək siyasətindən ayrı qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, Azərbaycanda Milli Azadlıq Hərəkatı dövründən etibarən ölkədə baş verən prosesləri dini müstəviyə yönəltməyə, hətta Xomeyninin rəhbərliyi ilə İranda baş vermiş inqilabın davamı kimi təqdim etməyə çalışanlar olub.

Politoloq bildirib ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra İran hakimiyyəti ölkəmizin daxili işlərinə müdaxilə etməyə və özünü Azərbaycanın böyük qardaşı kimi göstərməyə çalışıb.

Sədrəddin Soltan İranın Azərbaycan torpaqlarının işğalı dövründəki mövqeyini, eləcə də ərazilərimizin azad edilməsindən sonra ölkəmizə qarşı səsləndirilən ittihamları və Zəngəzur dəhlizi ilə bağlı etirazları bu siyasətin nümunələri kimi qiymətləndirib.

Politoloqun fikrincə, İranın təsir cəhdləri siyasi bəyanatlarla məhdudlaşmayıb, dini və sosial sahələrdə də özünü göstərib. O, 1990-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş İmdad Xomeyni təşkilatının qaçqınlar və aztəminatlı ailələr arasında apardığı fəaliyyəti nümunə göstərib.

"İran Azərbaycanda İslam inqilabı doktrinasının transformasiyası ilə də məşğul olub", deyə Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, həmin təşkilat sosial vəziyyəti həssas olan insanlara yardım göstərməklə yanaşı, onların arasında öz ideoloji təsirini genişləndirməyə çalışıb. Politoloq iddia edir ki, təşkilatın fəaliyyəti Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı üçün məsələ 1990-cı illərin sonlarında Azərbaycan hakimiyyəti tərəfindən həll olunub və təşkilat ölkədən çıxarılıb.

Sədrəddin Soltan Azərbaycanda İranın maraqlarına uyğun şəbəkələrin yaradılması cəhdlərinə də toxunub. O, bu prosesi “beşinci kolon” formalaşdırmaq cəhdi kimi qiymətləndirərək SEPAH-ın roluna diqqət çəkib.

"İran hakimiyyəti Azərbaycanda özünə, yəni İrandakı qaydalara uyğun respublika qurmaq istəyir. İslam Respublikası qurmaq istəyir", deyə politoloq vurğulayıb.

Sədrəddin Soltanın fikrincə, İranın dini-siyasi dairələri Azərbaycanda öz ideoloji baxışlarına uyğun idarəçilik modelinin formalaşmasında maraqlıdır. O, bu yanaşmanı Livanda “Hizbullah”, Qəzza zolağında HƏMAS və Yəməndə husilərin nəzarətində olan ərazilərdəki idarəçilik modelləri ilə müqayisə edib.

Politoloq hesab edir ki, bu cür ideoloji təsir cəhdləri Azərbaycan cəmiyyətinin dünyagörüşünü və ölkəmizin dünyəvi dövlət quruluşunu nəzərə almır.

Hicab məsələsinə gəlincə, Sədrəddin Soltan bu mövzunun İran İslam inqilabının ideoloji doktrinasında xüsusi yer tutduğunu bildirib. O xatırladıb ki, 1979-cu ildə Ayətullah Xomeyninin hicabla bağlı qərarından sonra İranda qadınlar etiraz aksiyaları keçiriblər. Sonrakı illərdə isə hicab qaydaları sərtləşdirilib və bu siyasət cəmiyyətdə narazılıq doğurub.

Politoloq 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranda baş verən etirazları da məcburi hicab siyasətinə qarşı narazılığın göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, İran cəmiyyətində bu məsələ ətrafında fikir ayrılıqları bu gün də qalmaqdadır.

Sədrəddin Soltan hesab edir ki, İranın dini-ideoloji yanaşmasında insanların dünyagörüşünün inkişafından daha çox zahiri dini qaydalara üstünlük verilməsi siyasi məqsədlərə xidmət edə bilər. Onun fikrincə, hicab məsələsinin Azərbaycanda da siyasi mübarizə predmetinə çevrilməsi cəmiyyətdə gərginlik yaratmaq cəhdlərinin tərkib hissəsi ola bilər.

Politoloq bu müzakirələri Azərbaycanın son illərdə beynəlxalq arenada tutduğu mövqelə də əlaqələndirib. O bildirib ki, İran hakimiyyətindəki müəyyən qüvvələr Azərbaycanın müstəqil siyasətindən və regionda artan mövqeyindən narazıdır.

Sədrəddin Soltan SEPAH-ın Azərbaycana qarşı təbliğat apardığını və dini mövzuların siyasiləşdirilməsində rol oynadığını iddia edib. Onun fikrincə, Azərbaycanda hicab məsələsi ətrafında yaranan gərginliyin arxasında dayanan amillərdən biri də bu təsir cəhdləri ola bilər.

Politoloq vurğulayıb ki, məsələ ayrı-ayrı şəxslərin dini etiqadına müdaxilə etmək deyil. Əsas problem dini inanclardan siyasi məqsədlərlə istifadə olunması və bu yolla Azərbaycan dövlətçiliyinə təsir göstərmək cəhdləridir.

"Azərbaycan Konstitusiyasında açıq şəkildə yazılıb ki, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır", deyə Sədrəddin Soltan qeyd edib.

Onun sözlərinə görə, dini amilin dövlət idarəçiliyinə müdaxilə vasitəsinə çevrilməsi Azərbaycanın konstitusion prinsipləri ilə uzlaşmır.

Politoloq hesab edir ki, İran İslam Respublikasının ideoloji modelinin Azərbaycana tətbiqinə yönələn cəhdlər ölkəmizin dünyəvi dövlət quruluşu baxımından narahatlıq doğurur.

Sədrəddin Soltanın fikrincə, Azərbaycanın suverenliyinin qorunması üçün dini etiqad azadlığı ilə siyasi müdaxilə cəhdləri fərqləndirilməli, dini mövzulardan dövlətin təməl prinsiplərinə qarşı istifadə edilməsinə yol verilməməlidir.

Aydın