Ekonomiks 13:10 18.05.2022

Banklardan 11 mindən yuxarı dollar almaq istəyənlər bunu etməlidir

"Əgər belə bir tövsiyə varsa, həddindən artıq mənasız və qeyri-qanunidir. Hansısa bank əməliyyatları aparmaq, şəxsi ehtiyacların qarşılanmasında valyuta almaq üçün heç bir VÖEN-ə ehtiyac yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli il ərzində dollar alması üçün limiti keçən vətəndaşlara banklarda VÖEN açdırmalarının tövsiyə edilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Ekspert deyib ki, VÖEN biznes faliyyətində hansısa bir fəaliyyət növü ilə məşğul olub-olmamaq üçün açılır və fərdi sahibkarlıq subyektidir:
 
"Mərkəzi Bank da etiraf etmir ki, belə bir limtlə bağlı qərarı var. Banklardan soruşanda onlar bunun Mərkəzi Bankın qərarı olduğunu söyləyirlər. Təqribən il ərzində hər bir vətəndaşın 11 min 500 dollar, yəni 20 min manat dəyərində valyuta almasına icazə verilməsi söylənilir. Amma belə bir qərarın, qanunun hansısa bir formada olduğunu, elan olunmasını görmürük. Ümumiyyətlə, belə bir məhdudiyyətin olması öz–özlüyündə böyük biabırçılıqdır”. 

Natiq Cəfərli bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı elan olunubsa və bazar iqtisadiyyatı şəraiti yaradılırsa, belə bir məhdudiyyyət də olmamalıdır:

"İndi də Azərbaycanda valyuta ilə bağlı problemlər yoxdur ki, belə bir məhdudiyyətlərin olmasına ehtiyac yaransın”. 
 
Qeyd edək ki, Azərbaycanda bir nəfərin ildə 20 min manat ekvivalentinədək dollar ala biləcəyi ilə bağlı məlumat yayılıb.
 
Bahar Rüstəmli