Dünya 23:48 14.08.2023

BMT: "Taliban qız və qadınlarla bağlı vədinə əməl etməyib"

Taliban Əfqanıstanda qız və qadınlara qoyulan məhdudiyyətləri aradan qaldırmaq vədinə əməl etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Xüsusi Məruzəçilərinin bəyanatında deyilir.

Qeyd edilir ki, Taliban insan hüquqlarını sistematik şəkildə pozmaqda davam edir. Onların fikrincə, Taliban 2001-ci ildə Əfqanıstanda hakimiyyətə gəldikdən sonra dəyişməyib.

"İki il əvvəl Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi. O vaxtdan bəri onların əfqan əhalisinə tətbiq etdikləri siyasət təhsil, işləmək və ifadə azadlığı, toplaşmaq və birləşmək hüququ da daxil olmaqla, çoxsaylı insan hüquqlarının daimi, sistematik və sarsıdıcı şəkildə pozulması ilə nəticələnib”, deyə BMT-nin Xüsusi Məruzəçiləri bildiriblər. 

BMT-nin fikrincə, Taliban hər hansı məhdudiyyətlərin, xüsusən də təhsilə çıxış məhdudiyyətinin müvəqqəti xarakter daşıdığını iddia etsə də, yerlərdə baş verənlər "sürətlənmiş, sistemli və hərtərəfli seqreqasiya, marginallaşma və təqib sistemini” nümayiş etdirir.

BMT-nin xüsusi məruzəçiləri həmçinin qeyd ediblər ki, Talibanın daha inklüziv idarəetmə forması yaratmaq vədləri yerinə yetirilməyib. Digər məsələlərlə yanaşı, keçmiş mülki və hərbi məmurlara amnistiya vədləri pozulur, həbs yerlərində işgəncə və pis rəftara məruz qalmamaq prinsiplərinə də məhəl qoyulmur.

Aydın