Avropada kəskin istilərin təsirinə məruz qalan ölkələrdən biri olan Böyük Britaniyada rekord səviyyədə quraqlıq qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, "Met Office" Milli Meteorologiya Xidmətinin məlumatına görə, 2026-cı ilin iyul ayı son 190 ildə meteoroloji müşahidələrin aparıldığı dövr ərzində İngiltərə və Uelsdə ən quraq iyul ayı olub.
Hesabata əsasən, iyul ayında İngiltərədə cəmi 6,5 millimetr, Uelsdə isə 9,3 millimetr yağıntı qeydə alınıb. Hər iki bölgədə bu göstəricilər müşahidə tarixində qeydə alınan ən aşağı yağıntı səviyyələrindən biri hesab olunur.
Quraq hava şəraiti ölkənin böyük hissəsində qeyri-adi yüksək temperaturla müşayiət edilib. Nəticədə, 2026-cı ilin iyul ayı İngiltərə üzrə müşahidə tarixinin ikinci ən isti, Uelsdə isə indiyədək qeydə alınmış ən isti iyul ayı kimi tarixə düşüb.
Bu arada, 2026-cı ilin iyul ayı Fransada 1900-cü ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ən isti ay kimi qeydə alınıb. Həddindən artıq isti hava və şiddətli quraqlıq meşə yanğınları riskini artırdığı üçün ölkənin 16 bölgəsində narıncı xəbərdarlıq elan edilib.
"Meteo-France" Milli Meteorologiya Xidmətinin açıqlamasına görə, 2026-cı ilin iyul ayı 1900-cü ildən etibarən qeydə alınan ən yüksək orta temperatur göstəricisi ilə əvvəlki rekordları geridə qoyub. Beləliklə, 2003-cü ilin avqust və 2006-cı ilin iyul aylarında qeydə alınmış rekord istilər də yenilənib.
İyul ayı eyni zamanda yağıntının təxminən 70 faiz normadan az olması səbəbindən ölkə tarixində qeydə alınan üçüncü ən quraq ay olub.
Fransa 4–19 iyul tarixləri arasında 16 gün davam edən isti hava dalğasının təsiri altında qalıb. Bu göstərici 1983-cü ildə 23 gün və 2006-cı ildə 21 gün davam edən isti hava dalğalarından sonra ölkədə qeydə alınmış üçüncü ən uzun isti hava dalğası hesab edilir.
Ölkənin cənubunda yerləşən Marinyan şəhərində 8 iyul tarixində havanın temperaturu 40,5 dərəcəyə çatıb.
Qeyri-adi isti və quraq hava şəraiti kənd təsərrüfatına ciddi mənfi təsir göstərməklə yanaşı, ölkənin müxtəlif bölgələrində meşə yanğınlarının baş verməsinə şərait yaradıb.
Son aylarda Fransanın cənub-qərbində, Bordo şəhəri yaxınlığındakı Jirond bölgəsi də daxil olmaqla müxtəlif ərazilərdə meşə yanğınları qeydə alınıb. İyulun 22-də başlayan iri yanğın Parisin ərazisindən təxminən dörd dəfə böyük olan 42 min hektarlıq sahəni külə çevirib. Yanğın nəzarət altına alınsa da, hələ tam söndürülməyib.
Var bölgəsindəki Qro Bessiyon meşə yanğını isə təxminən 1800 hektar ərazini məhv etdikdən sonra nəzarət altına alınıb. Bununla belə, səlahiyyətli qurumlar alovun yenidən genişlənə biləcəyi barədə xəbərdarlıq ediblər. Hazırda yanğının söndürülməsi işlərinə yanğınsöndürən təyyarə və helikopterlərin dəstəyi ilə təxminən 1000 yanğınsöndürən cəlb olunub.
Aydın
Şərhlər