Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu tarix regionda yeni düzənin formalaşmasının başlanğıcı olub.
“Qarabağı işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, cənab Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenliyimizin banisi Ümummilli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz oldu”, deyə Vüqar Bayramov qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycan MDB məkanında münaqişə yaşamış ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. O bildirib ki, həyata keçirilən çoxvektorlu siyasət Azərbaycanın geosiyasi mövqeyini gücləndirib və ölkəni regional “orta güc” dövlətinə çevirib.
Vüqar Bayramov iqtisadi göstəricilərə də diqqət çəkib. O bildirib ki, 2003-cü ildən sonra Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Deputatın sözlərinə görə, strateji valyuta ehtiyatları son 23 ildə 45 dəfədən çox artaraq 2 milyard dollardan 91 milyard dollara yüksəlib.
“Yeni dövrün yeni hədəfləri kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik”, deyə deputat vurğulayıb.
Şərhlər