Azad QARADƏRƏLİ
Ölkə 15:00 19.01.2021

Üç adamın son gecəsi…

Qaynarinfo Azad Qaradərəlinin "Fərizənin son gecəsi” hekayəsini təqdim edir:

...Fərizənin bətnində şəhid olan iki aylıq körpənin xatirəsinə

Səsi batmışdı. Ha istəsə də,  çıxmırdı ağzından. Nə qədər "İlham, İlham!” demək istədi, ağzından ancaq boş bir sızıltıya bənzər nəsə çıxdı. Acı-acı güldü: ”İlhamım, səsim də sənmişsən? Ünüm də sənmişsən? Sənnən sonra səsim yox ki. Mən bəs sənsiz, həm də səssiz necə yaşayacam bu həyatda? Bətnimdəki körpəyə necə başa salacam sənin kim olduğunu? Yox, İlham, yox. Sənsiz bu həyat darmış. Qəbir kimi dar. Bir iynənin sap yeri kimi dar. Bir quşun yarğanda oyduğu dəlik kimi dar... dardı bu dünya sənsiz... Bax, sən bu dünyada olanda necə şən idim?! Səni necə oyadardım yuxudan?

Oğlanların oğlanısan,
Sən bir gözəl ovlamısan...
Oyan, oyan İlhamım!
Nura boyan İlhamım!...

Bu mənim özümün ordan-burdan yığıb-yığışdırdığım, düzüb qoşduğum, sənə bəstələdiyim mahnım idi. Sən də onu çox sevərdin. Yadındamı, mən oxuyanda gözlərin yaşarardı. Deyirdim, niyə ağlayırsan? 

- Qorxuram, bir gün gələ, sənin səsini eşitməyəm... Sənin səsini duymayam... Onda, anam demişkən, ölüm mənə fərz olar... Sənsiz bu dünya nəyimə gərəkdir?.. Yadındadı, bir axşam trolleybusdan düşəndə ayaqqabının bir tayı trolleybusun qapısının arasında qalıb əzildi, yararsız hala düşdü?.. Xarab tayı zibil qutusuna atdıq. O birisi ayağında tək qaldı və sən taykeş ayaqqabı ilə yeriyə bilmədin. Çıxardıb əlinə aldın. Sonra mənə baxıb, qəmli-qəmli dedin: ”İlham, daha bunu neynirəm ki? Elə o da o xarab ayaqqabının gününə düşdü. İndi bu kimə lazımdır?”

Mən onu qarşımızdakı başqa bir zibil qutusuna vızıldadanda əlimdən aldın. Məni də geri çəkdin. Biz arxaya qayıdıb həmin təptəzə tayı da o xarab tayın yanına – həmin zibil qabına atdıq. Sən daha qəmgin səslə dedin: "Qoy ayrılmasınlar...”

İndi, ay Fərizə, çox qorxuram ki, sənə bir şey olsa, mən bu dünyada o taykeş ayaqqabı kimi tək qalam... Onda mən neynəyərəm? İnanmıram ki, sənsiz yaşaya biləm...”

Mən səni bağrıma basdım: "Əzizim, niyə belə pis fikirləri ağlına gətirirsən? Mənə nə olub ki? Bude ha, yanındayam...”

Sən əlini qarnıma çəkib dedin: ”Bilirəm e, yanımdasan. Amma bax, bu qarnındakınnan qorxuram... Nəsə ürəyimə pis şeylər damır... Elə qorxuram ki... Bizim dədə-babamız tarixən qan-qadalardan keçiblər. Döyüşlərdə bərkiyiblər. Qan töküb, baş kəsib, torpağımızı yadellilərdən qoruyub bizə miras buraxıblar... Bilirsən də, biz dünyanın ən qədim, ən böyük xalqlarındanıq... Amma hanı? Bir müqavilə ilə iki imperiya bizi o tay, bu taya bölüb, bir parçamız olan Dərbəndi Rusiya əlimizdən qalıb, Borçalını Gürcüstan... Hələ indi də bu Sovet İttifaqının tərkibində olmağımız özü də elə müstəmləkə olmaqdı...”

Mən əlimi aparıb sənin ağzını tutdum: ”Danışma, İlham, danışma. Sən belə şeylər danışmazdın axı... Nə oldu sənə?! Tutub apararlar, başına bir iş gələr, bəs onda mən neyniyərəm?! Mən sənsiz yaşaya bilmərəm axı?! Bəs heç bu bətnimdəkini düşünmürsən?!”

"Düşünürəm, niyə düşümürəm. Amma bu dediklərim acı da olsa, reallıqdır, Fərizəm. İndi xalqlar oyanıb. Bizim xalq da ayağa qalxıb, öz haqqını tələb etmək istəyir... Tarix sübut edib ki, öz haqqını tələb edə bilməyənlərin haqqını başqaları yeyərlər. Biz də bir xalq kimi var olmaq istəyiriksə, ayağa qalxmalı, öz haqqımızı tələb etməliyik. Düzdür, bu yolda qan-qada var, sürgün, həbs, ölüm var, amma bunlarsız da azadlıq yoxdur. Azadlığın yolu əzabdan, əziyyətdən keçir. Biz var olmaq istəyiriksə, o varlığı sübut etməliyik. Zavodumuzda tətil komitəsi yaradılıb. Mən də üzv olmuşam. Torpağımızı ermənilərə peşkəş etmək istəyən rus imperiyasına qarşı sonacan vuruşacağıq!”

"Ay İlham, ay İlham, yavaş! Səsini atma başına! Qonşular eşitdi axı...” 

...O qədər bağırmışdı ki, səsi batmış, lal kimi olmuşdu. Birdən ona elə gəldi ki, əslində İlhamdan sonra onun səsi heç kimə lazım deyil. Hə. Doğrudan. Bu səs kimə lazımdı axı? Bu səsə kimsə uçunmayacaqsa, bu səs kimisə ovsunlanmayacaqsa, bu səsə kimsə səsini qatmayacaqsa, elə batsa yaxşıdı...

Amma yo-ox. Bu batma müvəqqətidir. Bir həftə, on gün sonra açılacaq. Uzaq başı bir qədər dəyişik səs olacaq. Məsələn, bir az cığıldayan səs, bir az xırıltılı səs də ola bilər. Hər halda get-gedə bu da düzələcək və İlhamsız yenə danışacaq, oxuyacaq... Nə?! Oxumaq?! Əsal! İlhamsız nə oxumaq?

Uşaq vaxtı, elə ilk gəncliyində oxuyanda anası demirdimi, "Ay qız, yavaş, eşidərlər. Qız uşağı səsini o qədər qaldırmaz...” Ya da belə: ”Sən yenə səsini başına atmısan?! Qonum-qonşu var axı, ay bala. Ayıbdı. Bir az aşağıdan zümzümə elə...”

Axı o neyləyirdi ki? Sevdiyi mahnını oxuyurdu də.

Dəryada gəmim qaldı, sona bülbüllər...
Biçmədim zəmim qaldı, saçı sünbüllər...

"Ay bala, ay qız, gəl bu qazanı apar yaxşı-yaxşı sürt, genə yandırmısan dibini... Eşitmirsən?! Demədim səsinı başına atma?”

"Ay ana, bax, qonşumuzun qızı pianoda çalır... Həm çalır, həm də oxuyur... Ona heç deyən yoxdu ki... Niyə sən məni qoymursan oxumağa?..”

 "Qızım, mənim balam... Bax, sən mənim balamsan. Anan sənin pisliyini istəyər? İstəməz. Məktəbi bitirmisən,  yaraşıqlısan, oğlanların da ki, gözü üstündədi... Nə bilirsən, bəlkə səhər o oğlanlardan biri sənə elçi göndərdi?..”

"Ay ana! Nə elçi! Mən oxumaq istəyirəm...”
Amma başqa söz demək istəyirdi:

"Ay ana, mən başqa oğlanın elçisini-filanını istəmirəm. Bir oğlan var ki, hər gün gözü üstümdədir... Mən də onu gözdən qoymuram... Mən öz oğlanımı istəyirəm, ana!”

Ana da az bilmirdi. Xəbəri vardı pəncərədən boylanmaqlardan, dabanını qaldırıb o tərəfə baxmaqlardan, saçını burub gözünün üstünə salmaqlardan, elə bu son günlərdə havalı-havalı oxumaqlardan...”

...İlhamı 20 Yanvar gecəsi Şamaxinkada dostları ilə əliyalın rus tankının üstünə yeriyəndə güllələmişdilər. İşğalçı ordunun əsgərlərindən gizlin aparıb Xırdalanda dəfn etmişdilər. Bu ən çox Fərizəyə təsir etmişdi. "Səni Xırdalandamı dəfn etdilər? Etsinlər. Sevgilin qoyarmı səni orada tək təkana qalasan?”

...Gecə hamı yatandan sonra sirkə dolu butulkanı əlinə aldı. O biri əlini qarnının üstünə qoyub inildədi. ”Məni bağışla, balaca. Səni də özümlə aparacam. Atamızın yanına...”

...Yanvarın 22-də Fərizəni yeni salınan Şəhidlər Xiyabanında dəfn etdilər. (Yeni salınan da deyirəm… Əslində bura, köhnə Çəmbərəkənd qəbiristanlığı idi. 72 il əvvəl mart ayının 31-də erməni daşnakları rusların köməyi ilə Bakıda qırğın törədəndə 20 min insanımızı qətlə yetirmişdilər*. Həmin qırğının qurbanlarını məhz burada dəfn etmişdilər. Sonralar Sovet höküməti həmin faciənin izini itirmək üçün qəbiristanı dağıtmış, yerində park salmışdı. 20 Yanvar şəhidlərini orada dəfn edənlər danışırmışlar ki, qəbir qazarkən çoxlu sayda insan sümüklərinə rast gəliblər.)

Və elə bu andaca İlham yada düşdü. Daha rus ordusu da gücsüzdü xalqın qabağında. 20 Yanvar gecəsi güllələnən xalq yenə sinəsini qabağa vermişdi. Elə həmin gün  İlhamın da nəşini Xırdalan məzarlığından çıxardıb Fərizənin yanında 146 nəfər şəhidlə birgə torpağa tapşırdılar...

14 il sonra ölkə gənclərinin bir qismi 30 iyinu – İlhamla Fərizənin toy gününü -  Sevgililər günü kimi qeyd etdilər. Amma... Bu məsələ hələ də kütləvi hal ala bilməyib. Əvəzində hansısa 14 fevralı qeyd edirlər... Nədən, əcaba?.. Bu sualın yəqin ki, çoxlu cavabları var. Amma bir cavab daha önəmlidir: Fərizənin atdığı addım o qədər sərt idi ki, bunu qəbul etməyə ürək eləmədilər. Yüngül əyləncə, dəbdəbə, şou, saxta düşüncə tərəfdarları həqiqi sevgidən qorxdular... Segvi ölüm kimi bir məqamdır. Sevgi həm də təhlükədir. Yəni tarixdən tanıdığımız sevənlər daş-qalaq edilmədimi? Üstündən zaman keçəndən sonra o daş-qalaq edənlər övladlarına o sevənlərin adını vermədimi?.. 

Bəli, bu gün Fərizə ilə İlhamın sevgisi hələ ki qəbul edilmir... O qandan, qadadan yoğrulan sevgini açıqca "qəbul etmirəm" deməsələr də, görməməzliyə vururlar ki, bu daha ağırdır...

30 il nədir ki?! Gərək bir 100 il keçsin ki, insanımız öz qəhrəmanını tanısın. Onda 30 iyun Sevgililər günü kimi qeyd ediləndə mənim Fərizənin son gecəsinə həsr etdiyim bu kiçik yazımı da tapıb dönə-dönə oxuyarlar yəqin... Təkcə Fərizəninmi son gecəsi? Əslində burda bir üçbucaq vardı: üç adamın son gecəsi idi o gecə...

10.09.2020
 
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------

* S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubunda yazırdı: "Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular. Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək 6000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. "Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları böyük zərər görmüşlər.