İdman 18:05 30.10.2023

"Çelsi"nin futbolçusu karyerasını bitirdi - Qalmaqalları ilə populyar idi

Sonuncu dəfə "Çelsi"nin fomasını geyinmiş, 2022-ci ildən klubsuz qalan Denni Drinkvoter karyerasını bitirdiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, futbolçu bu barədə podkastlardan birinə danışıb. O, açıqlamasında, "İndi bunu rəsmi olaraq elan etməyin vaxtıdır. Düşünürəm ki, çox uzun müddətdir futboldan kənarda qalmışam. Oynamaq istədim, amma özümü dəyərli hiss etdiyim səviyyədə bu imkanı qazanmadım. Futbol oynamadığım üçün xoşbəxtəm, amma oynadığım üçün də xoşbəxtəm. Altı-yeddi yaşımdan bəri həyatımı futbola həsr etmişəm. Bu heç vaxt asan bir şey olmayacaqdı. Əgər həftə ərzində futboldan kənarda qalsam və bəlkə də zədə səbəbindən, yaşla əlaqədar, yaxud meydançaya istədiyim kimi gələ bilməsəm, bu, daha çətin olardı". 

Drinkvoter karyerası ərzində meydandan kənarda qalmaqallı hərəkətləri ilə də populyar idi. 2019-cu ildə avtomobili qəzaya uğradan futbolçu onu sərxoş vəziyyətdə idarə etdiyini boynuna alıb, günkar olduğunu bildirmişdi. Elə həmin ilin sonunda gecə klubunun qarşısında baş verən insident zamanı topuğundan zədələnmişdi. 2020-ci ildə "Aston Villa"da oynayarkən məşq meydançasında komanda yoldaşı Jotanı döymüşdü.

"Mançester Yunayted"in yetirməsi 2012-ci ildə "Lester"ə transfer olunub. Ancaq buna qədər Mançester təmsilçisinin əsas komandasında meydana çıxmayıb. İlk dəfə 2016-cı ilin martında İngiltərə millisinə dəvət alıb və üç oyunda iştirak edib. Elə həmin il də komandadan uzaqlaşdırılan üç futbolçudan biri olub. Drinkvoter karyerasının son illərini "Ridinq"də icarə əsasında keçirib və 2022-ci ildə "Çelsi" ilə müqaviləsinin müddəti başa çatıb, daha sonra klubsuz qalıb.

Səbuhi Həsənov