Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın likvidatorlarından (Qəzanın nəticələrini aradan qaldırmaq üçün çağırılan mülki və hərbi heyət) biri bildirib ki, faciədən təxminən 40 il keçməsinə baxmayaraq, 1986-cı ildə dördüncü reaktorda baş verən partlayışın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin çox az hissəsi sağdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
76 yaşlı Petro Qurin bildirib ki, 1986-cı ildə Çernobılda işlədikdən sonra onun sağlamlığı heç vaxt əvvəlki kimi olmayıb. Onun sözlərinə görə, müəssisəsindən zonaya göndərilən 40 nəfərdən bu gün yalnız 5 nəfər sağdır.
"Çernobıl iştirakçılarından heç biri sağlam deyil. Bu, minlərlə kəsiklə ölümdür", deyə o bildirib.
Qurin 1986-cı il aprelin 26-da baş vermiş partlayışdan sonra fəsadların aradan qaldırılması işlərinə cəlb olunan yüz minlərlə likvidatordan biri idi. O, radiasiyanın Avropanın böyük hissəsinə yayılması ilə nəticələnən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib.
O, gündə 12 saat işləyərək dağıdılmış reaktorun üzərində sarkofaqın tikintisində iştirak etdiyini deyib. Qəza yerində işlədikdən bir neçə gün sonra onda güclü baş ağrıları, döş qəfəsində ağrılar, qanaxma və ağızda metal dadı yaranıb. Sonradan xəstəxanaya yerləşdirilib və ağır zəiflik yaşayıb.
"Məni xəstəxanaya gətirdilər və həkimlər qan analizləri götürdülər. Barmaqlarımı deşəndə qan yox, solğun maye çıxırdı", deyə o bildirib.
Qurin iddia edir ki, Sovet həkimləri radiasiya xəstəliyini rəsmi olaraq diaqnoz etməyə icazə verilmədiyi üçün onu stress və digər xəstəliklərlə əlaqələndirirdilər. Daha sonra ona anemiya, stenokardiya və digər xroniki xəstəliklər diaqnozu qoyulub.
Qəza zamanı 31 zavod işçisi və yanğınsöndürən dərhal həlak olub. Sonrakı illərdə minlərlə insan radiasiya ilə bağlı xəstəliklərdən, o cümlədən xərçəngdən dünyasını dəyişib. Lakin ümumi qurban sayı hələ də mübahisəlidir.
Aydın
Şərhlər