Amal Abuşov
İdman 11:10 16.02.2023

Çətin günlərin qəhrəmanı “Qarabağ”!

Təxminən 11 il bundan əvvəl, 2012-ci ilin avqustunda "Qarabağ” Mərdəkandakı "Dalğa Arena”da "Rəvan”la qarşılaşırdı. Bəlkə də indi "Rəvan”ın varlığını xatılamayanlar, Azərbaycanda belə bir klubun mövcudluğu bilməyənlər var. Bəli, bir vaxtlar ölkə çempionatında belə klub mübarizə aparırdı və yetərincə mübariz kollektiv formalaşmışdı. Həmin gün "Rəvan”–"Qarabağ” görüşündə qapılara qol vurulmadı və "köhlən atlar” xal itirdi...

Bu qarşılaşmanı xatırlamağım təsadüfi deyil. Bilənlər bilir, həmin vaxtlar "Qarabağ” indiki kimi əzəmətli deyildi, komandanın legionerlərlə zəngin heyəti də yox idi. Qurban Qurbanov yerli futbolçuları ətrafına toplamış, avrokuboklarda məhz azərbaycanlı gənclərlə tarix yazmağa başlamışdı. Onların arasında gənc Rauf Əliyevlə Əfran İsmayılov da yer alırdı, bu iki futbolçu Qurbanov tapıntısı sayılırdı. Azərbaycan futbolunda milyonların dövr etdiyi, varlı sponsorların və legionerlərin at oynatdığı vaxtlar idi. "Xəzər Lənkəran”da Mübariz Mənsimovun, "Bakı”da isə Hafiz Məmmədovun "yaşıl əskinas”ları yerli futbolçuların gözlərini qamaşdırır, hamı o dollarlardan pay almağa çalışırdı. Hafiz bəyin qardaşı Zeynal Məmmədli bu iki futbolçu ilə intensiv bazarlıq edir, onları "Qarabağ”dan qoparmaq üçün hər gün qiymət artırırdı. Rauf "Bakı”ya "hə” desə də, prosedurlar başa çatmamışdı. Hücumçunun fikri və ürəyi "Bakı”da, özü isə "Qarabağ”da idi. Belə bir vəziyyətdə "Rəvan”la oyunun ikinci hissəsində Qurban Qurbanov onu meydana buraxdı. 

İndiyə kimi yadımdadı. Qurban bəy Raufla birlikdə xəttin kənarına qədər gəldi, əlini onun çiyninə vurub, uğur arzuladı. Fikri dağınıq, özünü zədədən qorumağa çalışan futbolçu meydandakı dəqiqələri yola verdi, "Rəvan”ın qapısına yol tapmaq mümkün olmadı. Oyundan sonrakı mətbuat konfransında Qurbanova Raufla bağlı sual verdim. Cavabında bildirdi ki, "Bakı”yla danışıqlar gedir, keçidin baş tutması real görünür. Özümü saxlaya bilməyib, "bəs siz hücumçusuz nə edəcəksiz” soruşdum. Bir az ciddiləşdi, qaşlarını düyünləyib gülümsədi, "bir şey fikirləşəcəyik” – deyərək fikrini tamamladı. Sonra Rauf da "Bakı”ya getdi, Əfran da. Amma orda parlaya bilmədilər. Ondan sonra çox klub dəyişsələr də, heç vaxt əvvəlki kimi oynaya bilmədilər. Bu yaxınlarda karyeralarını özlərinə yaraşmayacaq formada "Kəpəz”də bitirdilər. İndi heç "Bakı”yla "Xəzər Lənkəran” da yoxdu. Milyonları sağa-sola səpələrdilər, bir göz qırpımında necə alışıb-yanmağa başlamışdılarsa, eləcə də sönüb, külə döndülər. 

Amma "Qarabağ” bu illərdə büdrəmədi, Qurban Qurbanov haqlı çıxdı. "Qarabağ”ın vahid yumruğa çevrilməsi, rəhbərliyin baş məşqçiyə göstərdiyi etimad, düzgün strategiyanın daim dəstəklənməsi öz bəhrəsini verdi. "Qarabağ” böyüdü, onun şöhrəti Azərbaycan sərhədlərini aşdı. "Köhlən atlar”ın zəfər yürüşü Çempionlar Liqasının qrup mərhələsinə qədər davam etdi, Azərbaycan komandası avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevrildi. Lap elə qitənin "top-klubları” kimi. Bu göstəricisiyə görə "Qarabağ” hətta böyük tarixə və zəngin büdcəyə sahib klubları da qabaqlayır. Bütün bunlar məhz çəkilən zəhmətlə yanaşı yürüdülən düzgün siyasətin sayəsində mümkün olub. "Ulduz futbolçu”lar gəlib-gedib, hər öz bacardığı şəkildə "Qarabağ”a fayda verməyə çalışıb. Bu müddət ərzində "Qarabağ”da heyət çox dəyişib. Dəyişməyən təkcə Qurban Qurbanov və ona dəstək verən rəhbərlikdir.

Hər dəfə hansısa futbolçunun gedişi, zədələnməsi azarkeşləri narahat edir. Zaman göstərir ki, "Qarabağ”ın uğuru hansısa futbolçudan asılı deyil. İndi də Kadi gedib, Şahruddin zədələnib. Azarkeşlərin narahatçılığını da başa düşürəm. Amma ümidsiz olmağa, təsilimçilik ruhuna yenik düşməyə dəyməz. "Qarabağ” çətin günlərin qəhrəmanı, möcüzələri gerçəkləşdirən mübariz klubdur. Bu gün də həmin günlərdən biridi. Belçika "Gent”i "Qarabağ”ın büdrətdiyi bir çox klubdan zəifdi. Narahat olmağa dəyməz. Stadiona yüksək əhval-ruhiyyədə yollanın, ekranlar qarşısında "Qarabağ”a inanaraq əyləşin. Zəfər bu komandanın haqqıdır. Uğurlar, "Qarabağ”!

Amal Abuşov