Siyasət 13:50 18.04.2023

"Ceyhun Bayramovun bu açıqlaması göstərir ki..." - Ekspert

"Ceyhun Bayramov bu açıqlaması ilə Azərbaycanın sülh danışıqlarına hazır olduğunu bəyan edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığını şərh edərkən deyib. 
 
"Ceyhun Bayramov Vaşinqtonun təkliflərinə Bakının razı olmasını, o cümlədən, sülh danışıqlarında maraqlı olduğunu nümayiş etdirib. Azərbaycan bölgədə əməkdaşlıq və sülh mühitinin olmasını arzulayır. Azərbaycan XİN rəhbərinin açıqlaması da onu göstərir ki, təxribatlara rəğmən ölkəmiz sülh yolunda irəliləməkdə israrlıdır. Ancaq bir şərtlə ki, Ermənistan da sülhdə maraqlı olsun. Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəbul etməlidir. Bu kontekstdə Bakı bütün danışıqlara hazırdır", deyə Üzeyir Şəfiyev qeyd edib.
 


Həmsöhbətimiz İrəvanın isə sülh prosesində maraqlı olmadığını qeyd edib:
 
"Ermənilərin törətdiyi son təxribatlar İrəvanın sülhdə maraqlı olmadığını göstərir. İrəvan Bakıdan fərqli olaraq sülh istəmir. Ermənistan öz suverenliyini müxtəlif geosiyasi dövlətlərə parça-parça satıb. Ermənistan digər dövlətlərin sülh müqaviləsindən öz maraqlarına uyğun istifadə etməsinə də şərait yaradır. Onların sülh müqaviləsi istiqamətində verdiyi açıqlamalar ikimənalı xarakter daşıyır. Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlanmasını istədiyini deyir, digər tərəfdən sülhü pozur. Ermənilər qondarma və separatçı rejimin qalıqlarını münaqişə tərəfi kimi masaya oturdurmağa çalışırlar. Azərbaycan isə tək 44 günlük savaşdan sonra deyil, ondan əvvəl də qondarma qurumun masada oturmasına qarşı olub. Çünki münaqişədə iki tərəf-Ermənistan və Azərbaycan var. Qarabağ mövzusu danışıqlar predmeti deyil”. 

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı zamanı Bakının sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğunu söyləyib. 

Rüfət Sultan