Xəbər lenti

Çilovda
Sənət 17:39 07.01.2026

Çilovda "Tilov"a düşənlər

Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq. Sonda deyəcəyimi əvvəldə demək şansından istifadə edərək bildirmək istəyirəm ki, "Tilov" serialını bəyəndim. 

Bir neçə dəfə feysbuk statuslarımda da qeyd etmişəm ki, İTV Azərbaycanda serial mədəniyyətinin inkişafı üçün çox ciddi işlər görür və hər gün artan cəhdlə işləsələr, çox ciddi uğurlar qazanacaqlar. 

Emil Quliyev də rejissor kimi son illərdə daha çox uğurlu fəaliyyəti ilə yadda qalıb. "Tilov" da uğurun növbətisidir. 

Bir söz də deyim. Tutaq ki, Emil Quliyevin çəkdiyi hansısa serial haqqında müsbət nəsə yazanda əksərən aqressiv münasibətlərin şahidi olursan. Aqressiv münasibət bildirən şəxsin dərdi isə ondan ibarətdir ki, niyə yaradıcı heyət ortaya şedevr qoya bilməyib.

Hansısa standartlardan da danışırlar, amma hər bir yanaşmanın fərdi, fərqli olduğunu nəzərə alaraq mən o standartlardan danışmıram. Ancaq çox vacib bir məqamla bağlı fikirlərimi bölüşmək istəyirəm. 

Siz elə danışırsınız ki, elə bil, Azərbaycan serialı adlı bir ev ucaldılır, hamı tikinti qaydalarına çox yüksək səviyyədə əməl edir, təkcə Emil və Pərviz daşları əyri qoyur. 

Ay qardaş, ay bacı, ev nədir? 

Hələ Azərbaycan serialının heç bünövrəsi də yoxdur axı. İndiyədək Azərbaycan seriallarında adamlar hətta normal danışa da bilmirdilər. Lap elə neçə ilin sənətkarları da. Bünövrə hələ indi qoyulur. Bir imkan verək, görək, nə olur. Mən şəxsən ümidliyəm, əminəm ki, bina sağlam bünövrə üzərində inşa ediləcək.  
 
Yaradıcı kollektivi "Tilov"a görə ürəkdən təbrik edib, vaxt itirmədən keçirik növbəti maraqlı məqamlara. 

Getdik... 

Birincisi, hadisələr Çilov adasında baş verir. 

Bələdiyyə sədrinin verdiyi məlumatdan belə aydın olur ki, bu ərazinin turistik zonaya çevrilməsi ilə bağlı təkliflər, fikirlər var, real addımların atılması barədə düşünənlər də.

Böyük tikinti işlərini həyata keçirmək məqsədilə tender elan olunacaq. 

Bələdiyyə sədrinin otağında "tender" sözü eşidilən kimi aləm dəyir bir-birinə. Təsəvvür edin, tender söhbəti ilə bağlı ortada real bir iş yoxdur. Buna baxmayaraq, ssenaristlər aləmi vurur bir-birinə. Cəmi 155 nəfər əhalisi olan adanın 5 sakini real olmayan, dedi-qodu səviyyəsindəki məsələlərin güdazına gedir. 

Tenderdə qalib olmaq istəyənlər, o boyda tikinti işlərini də görmək istəyənlər kimlər olsa yaxşıdır? 155 nəfər əhalisi olan qəsəbədə kafe işlədən Maral xanım, 155 nəfərlik qəsəbədə nə işlə məşğul olduğu bilinməyən, biznesmen kimi təqdim edilən bəy və 155 nəfərlik qəsəbənin bələdiyyə sədri. 

Müəlliflər burada Azərbaycanda tenderlərin keçirilməsi forması, qaydası, orada iştirak edən şəxslərin səviyyəsi ilə bağlı ironiya edirlərsə, əla. Çünki Azərbaycanda tenderlərin böyük əksəriyyəti bir mənbə metodu ilə həyata keçirilir. 

Rəqabətsiz, alternativsiz yarışda Həsən ağanın qohumları xüsusi istedadı, qabiliyyəti, iş görmək bacarığı nəzərə alınaraq qalib elan edilir. Bir mənbə metodu ilə həyata keçirilən tenderlər haqqında elə bu günlərdə mətbuatda da xeyli məlumat gedib. Bir sözlə, mənzərə aydındır. 

Serialın yaradıcı heyətinin bu məsələlərlə bağlı incə tənqidi isə, əslində, yerinə düşüb. Amma serialdakı digər tender detalları sanki o qədər də yerinə düşməyib. 
 
Bələdiyyə sədri digər iki rəqibini güllələyərək sıradan çıxarır, ancaq tale elə gətirir ki, bələdiyyə sədrinin özü də öldürüldükdən sonra bu xətt, bu məsələ yarımçıq qalır. Xətt yarımçıq qalacaqdısa, neçə seriyadır ki, tamaşaçıları tender söz-söhbətləri ilə yormağın nə mənası vardı? Fikirlərimi daha aydın izah etmək üçün elə serialın özünə müraciət etmək istəyirəm. Birinci seriyada biz qatilin "o uşaq mənim deyil, başqasınındır" dediyinin şahidi oluruq. Sonuncu seriyada bizə doğrudan da aydın olur ki, o uşaq qatilin keçmiş həyat yoldaşının yox, onun rəfiqəsinin oğludur. 

Beləliklə, qatilin dediyi söz havada qalmır, sonda hər şey üzə çıxır. Məşhur bir fikrə istinad etsək, əvvəldə göstərilən tüfəng sonda mütləq açılır. Tender əhvalatı ilə bağlı isə bu dəqiqliyin, ardıcıllığın şahidi olmuruq. Əvvəldə göstərilən "silah" sonda təəssüf ki, açılmır. Ümumiyyətlə, tam aydın olmur ki, tender söhbəti seriala niyə salınmışdı. Təsəvvür edin ki, tender söhbətini serialdan çıxarırıq. Sizcə, əsərin təsir gücü azalcaqdımı? Məncə, yox. Məqsəd bələdiyyə sədrini qəddar, alçaq, əzazil kimi göstərmək idisə, müəlliflər tendersiz də buna nail ola bilərdilər. Əslində, nail olublar da. Tendersiz də onun təpəsinin donuz gülləsi əskikdir. 

Tender söhbətinin bu qədər uzanması mənə elə gəlir ki, seriya sayını 10-a çatdırmaq üçün düşünülmüşdü. Yoxsa, yaradıcı heyətin əlində 5 seriyalıq əla material vardı. Təsadüfü deyil ki, filmdə dinamiklik, temp, həyəcan tender söhbəti öləndən sonra artmağa başladı. 

Uzağa getməyək. Yəqin ki, Rasim Ocaqovun "Park" filmi xatirinizdədir. Filmin qəhrəmanı bir neçə dəfə vurğulayır ki, buralarda park salınacaq, onda hər şey daha yaxşı olacaq. 

Filmin sonunda isə məlum olur ki, qəhrəmanın yaşadığı ərazidə park zad salınmayacaq, elə köhnə hamam, köhnə tas olacaq. Eyni variantla tender söhbətinə yekun vurmaq üçün də yararlanmaq mümkün idi. Ya kimsə mesaj verərdi ki, heç bir turizm zonası filan olmayacaq, dağılışın, ölənlər də "çujoy poxmel" getdi. Ya da mütəxəssislər gəlib hesablama filan aparardılar, tamaşaçıda da bir ümid yaranardı ki, bəlkə, hər şey yaxşı olacaq?!
 
Daha iki xırda detal var ki… 

Serialdakı bəzi epizodlar polislərə gülməli gələ bilər. Məsələn, polisin xüsusi rabitə vasitəsində addan istifadə etməsi, yaxud cinayətkarın bu rabitə vasitəsini bloklaması və s. və ilaxır. Türk seriallarına çox baxmaq istedadınız və səhhətiniz üçün ziyandır, əmi canı. 
 
Serialda adamı ürəkdən güldürən epizodlar da var. Baxmayaraq ki, həmin epizodda yaradıcı heyətin düşüncəsinə görə hər şey həddindən artıq normaldır. Deməli, bir özü, bir nəfər də işçisi olan rəis deyir ki, işi bizdən aldılar. 

Ay qardaş, işi bizdən aldılar nədir? Ortada qətl şübhəsi, ölüm halı varsa, iş artıq prokurorluğundur da. 

Üstəlik, iki nəfərlik polis bölməsinin rəisi deyir ki, prokuroru da göndərdik, getdi. Uzun müddət prokurorluq orqanlarında işləmiş Emil müəllim yəqin bilməmiş deyil ki, belə məqamlarda qərarı iki nəfərlik polis bölməsinin rəisi yox, prokuror verir. Ona görə də sahə müvəkkilinin "prokuroru da göndərdik, getdi" intonasiyası ən azı etik sayıla bilməz. 
 
Ssenaridə belə xırda boşluqlar çoxdur, hamısını sadalayıb, başağrısı vermək istəmirəm. Emil Quliyevin çəkdiyi əvvəlki seriallarda da prokurorluğun iş sistemi ilə bağlı elə absurd yerlər var ki…. 

Hələ birini də deyim. Təcili fişəng lazımdır. Həyati əhəmiyyətli məsələdir. Kömək lazımdır, xəbəri də ancaq fişəng vasitəsilə göndərmək mümkündür. Rabitə əlaqəsi kəsilib və məlum olur ki, kimsə mayakdakı fişənglərin üzərinə su töküb. Polislər çarəsiz qalır. Elə bu dəm, rəis gənc işçisinə deyir ki, balıqçılarda fişəng olar, bir onlardan soruş. Amma rolunun öhdəsindən o qədər də yaxşı gəlməyən gənc dostumuz rəisin bu sözlərini qulaqardına vurur. Ya da deyək ki, ssenarist aləmi necə bir-birinə vurursa, fişəng söhbəti bir də filmin sonunda yada düşür. Necə deyərlər, ta iş-işdən keçəndən sonra. 

Belə-belə işlər…  

Əslində, ssenari müəllifləri Pərviz Həsənov, Araz Bayramov ciddi sənətkarlardır, sənət söhbətlərini də gözəl bilirlər, incəliklərə bələddirlər. 

Emil Quliyev haqqında düşündüklərimi də əvvəldə yazdım. Görünür, işin çoxluğundan, həmçinin mahiyyətə daha çox varmaq istədiklərindən hər iki sənətkar xırda detallara o qədər də fikir vermirlər. Amma nəzərə almaq lazımdır ki, xırda detallar da diqqətli tamaşaçının diqqətindən yayınmır, bəzən isə onda qıcıq doğura bilir. Buna görə də diqqətli və hörmətli olmaqda fayda var. 

Əslində, siz tək deyilsiniz. Bəlkə də, heç ürəyinizi sıxmağa dəyməz. Əziz dostumuz Şəhriyar da yazıb ki, buludlardan bezib yağan bu sərsəri yağışlar göy üzünə qayıtmırsa, demək, olmur dediyin. Çox sevdiyim bu şeirin bu gözəl misrasında da məntiqi səhv var. 

Məktəbdə oxuyan yox e, müəllimə azca qulaq asan adam mütləq bilir ki, o yağışlar göy üzünə qayıdır.  

Hə, onu da deyim, bəzi epizodlarda sözlər tam eşidilmir, o fikirlə ikiəlli razıyam ki, serialın səs həlli ideal deyildi. 

İndi oxucu deyə bilər ki, əvvəldə bəyəndiyin serial haqqında bu boyda tənqid yazdın, bəs xoşuna gələn nə olub ki?

Hadisələrin Çilov adasında baş verməsi hekayəyə xüsusi rəng qatır. Çəkiliş yeri kimi bu adanın seçilməsini uğurlu addım kimi qiymətləndirmək olar. Bəlkə də, Çilov adası təsvirləri ilə bağlı daha detallı iş koloriti daha çox artırardı. 

Birinci seriya adamda belə təəssürat yaradırdı ki, sıradan bir detektiv izləyəcəyik. Amma getdikcə hadisələrin məcrası, inkişafı başqa səmtə yönəlir. Bu cür gözlənilməzlik maraqlıdır. Serial boyu onu da sezirsən ki, yaradıcı heyətin məqsədi qatili çox da gizlədib tam detektiv əhval-ruhiyyə yaratmaq deyil, daha çox düşüncələrə qərq etməkdir. Biz yaradıcı heyətin seriyalar ərzində verdiyi müəyyən mesajlarla qatilin kimlər ola biləcəyini təxmin edə bilirik. Məhz buna görə də adamda belə qənaət yaranır ki, məqsəd qatilin kimliyi ilə səni təəccübləndirmək yox, travmalarla bağlı səni düşündürməkdir. Cəhdi alqışlamaq olar. 
Polis rəisi obrazı bəzi tənqidi məqamlara baxmayaraq, yaxşı alınıb, Amid Qasımov, ssenarist, rejissor əməyinin bəhrəsini verdiyini demək olar.  

Serialda Alim Qasımovun ifalarından istifadə də əladır, yerinə düşüb. 

"Tilov"da bir obrazın az qala doğulmasından ölümünə qədər bütün yaşadıqlarının şahidi oluruq. Bu, obrazı bütövləşdirir, bütünləşdirir. Azərbaycan filmlərində, seriallarında belə bütöv obrazların sayı təəssüf ki, azdır. Bu baxımdan, Nigar ən uğurlu obrazlardan biri hesab edilə bilər. 
 
Ağa Cəfərli
Bakuplus.az
--> -->