Çin 582 ton çəkisi olan nəhəng ifratkeçirici maqnitin sınaqlarını uğurla başa çatdırıb. Bu qurğu termonüvə reaktoru üçün indiyədək hazırlanmış ən böyük maqnit hesab olunur və ölkənin "süni Günəş" layihəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, "Libertatea" nəşrinin yazdığına görə, Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutu 2026-cı ilin iyununda qurğunun sınaqlarını uğurla tamamlayıb.
Çin Elmlər Akademiyasının məlumatına əsasən, toroidal maqnit sahəsi sarğısının uzunluğu 21 metr, eni isə 12 metrdir. Qurğu 60 kA sabit elektrik cərəyanını saxlaya və 6,03 meqacoul enerji toplaya bilir.
Maqnitin yaratdığı sahənin gücü təxminən 6,5 tesladır. Bu göstərici standart MRT cihazlarının maqnit sahəsindən iki-dörd dəfə yüksəkdir. Qurğunun həcmi analoji sistemlərlə müqayisədə 30 faiz, enerji toplama qabiliyyəti isə üç dəfə çoxdur.
Layihədə istifadə olunan bütün material və komponentlər Çində istehsal edilib. Qurğunun hazırlanması altı il çəkib və bu müddətdə 47 patent əldə olunub.
Maqnit 16 eyni sarğıdan ibarətdir və birlikdə plazmanı saxlayan maqnit "qəfəsi" yaradır. Bu sistem 100 milyon dərəcə Selsidən yüksək temperaturda plazmanın sabit saxlanmasını təmin etməlidir. Bu temperatur Günəşin nüvəsindəki temperaturdan təxminən yeddi dəfə yüksəkdir.
Hazırlanan sistemin 2027-ci ilədək tamamlanması planlaşdırılan **BEST** (*Burning Plasma Experimental Superconducting Tokamak*) layihəsində istifadə olunacağı bildirilir.
Tokamak yüksək temperaturlu plazmanı güclü maqnit sahəsi ilə saxlayaraq termonüvə sintezi reaksiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş halqavari qurğudur.
Mütəxəssislərin qiymətləndirməsinə görə, termonüvə sintezi əsasında elektrik enerjisi istehsalına dair ilk sınaqların təxminən 2030-cu ildə başlaması gözlənilir. Bununla belə, texnologiyanın kommersiya miqyasında geniş tətbiqinin yalnız 2040–2050-ci illərdə mümkün olacağı proqnozlaşdırılır.
Aydın
Şərhlər