XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Evdə hazırlanan qidaların bazara çıxarılması ilə bağlı yeni tələb - Hansı məhsullara icazə verilməlidir?
Ölkə17:13 15.09.2026

Evdə hazırlanan qidaların bazara çıxarılması ilə bağlı yeni tələb - Hansı məhsullara icazə verilməlidir?

Azərbaycanda ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması üçün yeni mexanizmin yaradılması planlaşdırılır. Belə məhsulların satışına icazə verilərkən onların təhlükəsizliyi ilə bağlı hansı tələblərin qoyulacağı, xüsusilə yüksək risk daşıyan qida məhsullarına hansı nəzarətin həyata keçiriləcəyi diqqət çəkir.

Evdə hazırlanan məhsullar arasında hansı qidalar daha çox risk daşıyır? Belə məhsulların satışına icazə verilərkən ilk növbədə hansı yoxlamalar aparılmalıdır və məhsulları satan şəxslərdən hansı konkret tələblər tələb olunmalıdır?

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Qaynarinfo-ya açıqlamasında bildirib ki, ev şəraitində qida məhsullarının hazırlanması kiçik biznes baxımından faydalı olsa da, əsas məsələ qida təhlükəsizliyi prinsiplərinin qorunmasıdır:

“Qida məhsullarının hazırlanmasında ev şəraitində olması və xüsusilə də bunun satışa çıxarılması biznes, xüsusilə də kiçik biznes baxımından faydalı, səmərəli hesab olundursa da, burada əsas məsələ qida təhlükəsizliyi prinsiplərini qorumaqdır.

Çünki bir çox insanlarda ev məhsulu, evdə hazırlanıb məhsul daha keyfiyyətli, təbii təəssürat oyatsa da, burada risk səviyyəsi hər zaman mümkündür. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, kremli şirniyyatlar, mayonezli məhsullar, yumurta ilə hazırlanan məhsullar, hazır salatlar, evdə olunmuş, konservləşdirilmiş məhsullar, turşular bunlar yüksək risk qrupuna aiddir. Əgər düzgün hazırlanmasa, bunların tərkibində salmonella, ekoli və bir çox mikroorqanizmlər daha sürətlə inkişaf edə bilər ki, bu da ciddi qida zəhərlənməsinə gətirib çıxarda bilər”.

Ekspert konservləşdirilmiş məhsullarda botulizm riskinin yüksək olduğunu vurğulayıb və bu məhsullara nəzarətin onların risk səviyyəsinə uyğun aparılmalı olduğunu bildirib:

“Konservləşdirilmiş məhsullarda isə botulizm riski yüksək ola bilər. Ona görə burada məhsula görə və onun risklərinə görə nəzarət olunmalıdır. Sanitar-gigiyena qaydalarına uyğun şəkildə hazırlanmalıdır və hazırlanan xammalda mənşə və keyfiyyət mütləq şəkildə bəlli olmalıdır. Və eyni zamanda da istifadə olunan suyun təhlükəsizliyi, məhsulların hazırlanma yeri, hazırlanma üçün istifadə olunan bıçaqlar, doğrama lövhəsi, digər vasitələrin təmizliyi, o məhsullar hazırlanmadan öncə və hazırlandıqdan sonra saxlama şəraiti, xüsusi temperatur rejimi, malqonşuluğu prinsipi qorunmalıdır”.

Məhsəti Hüseynova ev şəraitində hazırlanan məhsullarda etiket məlumatlarının da mühüm əhəmiyyət daşıdığını qeyd edib:

“Burada digər bir məsələ ev üsulunda hazırlanan məhsullarda adətən etiket məlumatları olmur. Ancaq burada mütləq ən azından əllə yazılsa da sonradan əlavə olunmalıdır. Məhsulu kim hazırlayıb, tərkibində nələr var, allergen varmı, hazırlanma vaxtı, nə qədər müddət saxlaya bilər, hansı şəraitdə saxlamaqla bu məlumatlar dəqiq şəkildə göstərilməlidir”.

O, evdə şəxsi istifadə üçün hazırlanan məhsullarda da hazırlanma tarixinin qeyd edilməsinin vacibliyini bildirib:

“Eləcə də bunu ev xanımları özləri üçün də hazırladıqda hazırlanma vaxtını qeyd etmələri ən vacib məsələlərdən hesab olunur ki, bu qidanın təhlükəsizliyinin qorunmasında əsas rol oynayır”.

Ekspertin sözlərinə görə, məhsulu hazırlayan şəxsin şəxsi gigiyenası və sağlamlıq vəziyyəti də diqqətdə saxlanılmalıdır:

“Gigiyena qaydaları da mütləq şəkildə ən önəmli məsələlərdən biridir. Burada istər şəxsi gigiyena, xəstə olmaması, keçici xəstəliklərin olub-olmaması ilə bağlı tibbi arayışın olması və lazımı yerdə əlcəkdən istifadə əlcəksiz hazırlanırsa dırnaqların olmaması, saçlarda bonenin olması, geyindiyi paltarın təmiz və uyğun formada olması mütləq diqqətdə saxlanılmalıdır”.

Məhsəti Hüseynova hesab edir ki, zəruri təhlükəsizlik tələblərinə əməl edildiyi halda evdə hazırlanan məhsulların qanuni şəkildə bazara çıxarılması mümkündür:

“Evdə hazırlanıbsa və bu məqamlara diqqət olunubsa, o zaman təhlükə olmaya bilər. Bu məhsulların xammalı, mənşəyi, hazırlanması, hazırlanma tarixi, son istifadə müddəti və saxlanma şəraiti ilə bağlı məlumatlar tam şəkildə göstərilməlidir. Təbii ki, bu halda onların kiçik bizneslərdə və ailə təsərrüfatlarında qanuni və təhlükəsiz şəkildə bazara çıxarılmasına imkan verilə bilər. Əks halda, evdə hazırlanan digər məhsullar sağlamlıq üçün ciddi risk yarada bilər”.

Günay İlqarqızı