Dünya 18:15 10.08.2022

Çin hakimiyyəti Tayvanla bağlı “ağ kitab” dərc etdi

Çin hakimiyyəti Tayvanla bağlı "ağ kitab” (Çin Dövlət Şurası tərəfindən nəşr olunan dövri xəbər bülleteni. O, mühüm məsələlərdə hakimiyyətin mövqeyini ortaya qoyur-red.) dərc edib. "Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi” başlıqlı bülleten Pekinin Tayvanla bağlı mövqeyini açıqlayır.

Qaynarinfo bu barədə "Meduza”ya istinadən xəbər verir.

Xüsusilə, "ağ kitab”da "bütün Çin oğul və qızlarının ümumi arzusu olan” "vətənin tamamilə yenidən birləşməsinin” qaçılmazlığı haqqında tezis yer alır. Potensial birləşmə orada müasir ÇXR-in qurucuları - Mao Tszedun və Den Syaopinin prinsiplərinə əsaslanan qaçılmaz tarixi nümunə kimi təqdim olunur.

Çin rəsmiləri Pekinin "dinc birləşmə üçün geniş məkan yaratmağa hazır olduğunu" vurğulayırlar, lakin adanın ələ keçirilməsi üçün hərbi senarini istisna etmirlər və "başqa çarənin olmadığı bir vəziyyətdə qeyri-dinc vasitələr son çarə kimi istifadə olunacağını” qeyd edirlər. 
"Ağ kitab”da həmçinin qeyd olunur ki, Çinə qoşulduqdan sonra Tayvan uzun müddət yüksək muxtariyyət dərəcəsi ilə materikdən fərqli sosial sistem tətbiq edə biləcək.

Çin Tayvanı özünün ayrılmaz hissəsi hesab edir. Eyni zamanda, Pekin vətəndaş müharibəsinin bitməsindən və 1949-cu ildə ÇXR-in yaradılmasından sonra adaya faktiki nəzarəti itirib. 

Avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri ilə əlaqədar Tayvan ətrafında vəziyyət gərginləşib. Bu səfərdən sonra Çin Tayvan sahillərində genişmiqyaslı hərbi təlimlərə başlayıb, təlimlər avqustun 10-da başa çatıb.

Nizami Bağırov