XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Çində məmur və biznesmen içki məclisində qadına təcavüzə görə saxlanıldı
Dünya12:17 19.08.2026

Çində məmur və biznesmen içki məclisində qadına təcavüzə görə saxlanıldı

Çində yerli hökumət məmuru və biznesmen işgüzar tədbir zamanı qadına qarşı cinsi təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb. Hadisə ölkədə geniş ictimai narazılığa səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazıb.

Qadının bir neçə şirkətin rəhbərləri və dövlət rəsmilərinin iştirak etdiyi rəsmi şam yeməyindən sonra Çjetszyan əyalətinin Xançjou şəhərində karaoke barında cinsi təcavüzə məruz qaldığı iddia olunur. Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, aparılan araşdırma qadının hər iki kişi tərəfindən cinsi təcavüzə məruz qaldığını müəyyən edib. Bildirilir ki, şübhəlilərdən biri qadını yerə itələyib və nəticədə onun bel nahiyəsindən xəsarət alıb. Açıqlamada hər iki şübhəlinin tutduqları vəzifələrdən azad edildiyi də qeyd olunub.

Çində işgüzar içki məclisləri zamanı cinsi xarakterli qanun pozuntuları əvvəllər də qeydə alınıb. Lakin xüsusilə dövlət məmurlarının iştirak etdiyi belə hallarda saxlanılmalar daha az rast gəlinir. Bu hadisədə qadının xəsarət alması, eləcə də dövlətə məxsus şirkətin yüksək vəzifəli məmuru və biznes rəhbərinin iddia edilən cinayətdə iştirak etməsi cəmiyyətdə qəzəbi daha da artırıb.

Sosial şəbəkələrdə hadisə geniş müzakirə mövzusuna çevrilib. Çərşənbə günü “Weibo” platformasının ən çox müzakirə olunan 50 mövzusundan yeddisi bu işlə bağlı olub. Hakimiyyət orqanlarının araşdırmanın nəticələrini açıqlamasından sonra hadisəyə maraq daha da artıb. Mövzu ilə əlaqəli paylaşımlardan biri 68 milyondan çox baxış toplayıb, digər bir neçə paylaşım isə 1-6 milyon arasında baxış əldə edib.

“İçki məclisinə getmək kiminsə sizə zərər verməsinə razılıq vermək demək deyil. Alkoqol qəbul etmək də könüllü şəkildə zorakılığa razılıq vermək deyil”, deyə “Weibo” istifadəçilərindən biri yazıb.

Sosial şəbəkələrdəki müzakirələrin böyük hissəsi Çində “içki süfrəsi mədəniyyəti” kimi tanınan ənənəyə də yönəlib. Xüsusilə qadının karaoke məkanına aparılmazdan əvvəl çoxlu içki içməyə məcbur edildiyinə dair məlumatlar bu müzakirələri gücləndirib.

“Qadınların kişiləri içki məclislərində müşayiət etməsinin məntiqi nədir? Ümid edirəm ki, bu təcrübə aradan qaldırıla bilər”, deyə digər bir istifadəçi yazıb.

“China Women’s News” qəzetində dərc olunan şərhdə isə yalnız hadisədə iştirak edən şəxslərə qarşı tədbir görülməsinin kifayət etməyəcəyi vurğulanıb.

Məqalədə biznes münasibətlərinin sərhədlərinin institusional tədbirlərlə müəyyənləşdirilməsinə və hakimiyyətlə sosial öhdəliklərin bir-birinə qarışdığı “boz zonaların” aradan qaldırılmasına ehtiyac olduğu bildirilib.

Aydın