Çində insanların simalarının süni intellekt layihələrində istifadə olunması üçün hüquqlarının icarəyə verildiyi yeni bazar formalaşıb.
Qaynarinfo xəbər verir ki, yerli KİV-in məlumatına görə, bir razılaşmadan əldə olunan gəlir 15 ABŞ dollarından 700 dollara qədər dəyişə bilər.
Bu sistemdən təkcə aktyorlar deyil, müxtəlif peşə sahibləri, tələbələr və təqaüdçülər də yararlana bilirlər. İştirakçılar biometrik məlumatlarını xüsusi platformaya yükləyərək simalarının rəqəmsal personajlarda, reklamlarda, qısa seriallarda və digər süni intellekt layihələrində istifadə olunmasına razılıq verirlər.
"Sistemma" şirkətinin təsisçisi və baş direktoru Sergey Zubarevin sözlərinə görə, Çində mikroserial sənayesi artıq geniş şəkildə süni intellektdən istifadə edir. Lakin tamamilə süni yaradılmış simalar hələ də kifayət qədər təbii görünmür.
Onun sözlərinə görə, istifadəçi platformaya bir neçə foto və ya qısa video yükləyir. Bu məlumatlar neyron şəbəkələrə həmin şəxsin rəqəmsal simasını yaratmaq üçün kifayət edir. Daha sonra prodüserlər kataloqdan uyğun simanı seçərək onu süni yaradılmış personaja tətbiq edirlər. Beləliklə, personaj danışır, hərəkət edir və müxtəlif səhnələrdə iştirak edir. Bütün bunlar üçün həmin şəxsin çəkiliş meydançasına gəlməsi və ya aktyorluq etməsi tələb olunmur.
Zubarev hesab edir ki, əsas risk ondan ibarətdir ki, insan siması dəyişdirilə bilməyən biometrik məlumatdır.
"Bank kartını dəyişmək mümkündür, lakin rəqəmsal simanı geri çağırmaq demək olar ki, mümkün deyil. Əgər bu məlumat qanunsuz məqsədlərlə istifadə olunarsa, insan onun üzərində nəzarəti itirə bilər", deyə o bildirib.
Ekspertin fikrincə, oxşar platformalar Rusiyada da yaradılsa, qiymətlər böyük ehtimalla Çin bazarına uyğun olacaq və bir simanın istifadəsi üçün ödəniş 15–700 ABŞ dolları arasında dəyişəcək. Onun sözlərinə görə, tanınmış media simalarının hüquqları isə daha yüksək qiymətləndiriləcək.
"Rest of World" portalının məlumatına əsasən, 2026-cı ilin ilk rübündə Çində 128 min mikroserial istehsal olunub və onların 95 faizi süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanıb.
Bununla yanaşı, insanların simalarının qanunsuz istifadəsi ilə bağlı məhkəmə çəkişmələrinin sayı da artır. Son üç ildə təkcə Quançjou məhkəməsində bu mövzu üzrə təxminən 700 işə baxılıb.
"Mediasfera" rəqəmsal agentliyinin həmtəsisçisi Timur Uqulavanın sözlərinə görə, Rusiyada da hüquqi tənzimləmə formalaşacağı təqdirdə bu model geniş yayına bilər. Onun fikrincə, texnologiya xüsusilə reklam, elektron ticarət və qısa video məzmun istehsalı sahələrində xərcləri əhəmiyyətli dərəcədə azalda bilər.
Mövzu Hollivudda da narahatlıq doğurur. Aktrisa Skarlett Yohansson üç il əvvəl süni intellektlə yaradılmış obrazının istifadə edildiyi reklama görə məhkəməyə müraciət edib. Daha sonra o, "OpenAI" şirkətini də "ChatGPT"dəki səs köməkçisinin öz səsinə bənzədiyini iddia edərək tənqid edib.
Aktyor Tom Henks süni intellektlə yaradılmış obrazının istifadə olunduğu stomatoloji klinika reklamına inanılmamasını tövsiyə edib. Robert Dauni kiçik isə bildirib ki, onun rəqəmsal obrazından icazəsiz istifadə edənlərə qarşı hüquqi tədbirlər görüləcək və bu mövqe onun ölümündən sonra da qüvvədə qalacaq.
Aydın
Şərhlər