Yüngül formada COVID-19 keçirən və xəstəxanaya yerləşdirilməyən milyonlarla insanda adi oftalmoloji müayinələrlə aşkar olunmayan göz sinirlərinin zədələnməsi ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Tech Times” İsveç alimlərinin "Nature Communications” jurnalında dərc olunmuş araşdırmasına istinadən məlumat yayıb.
Linköpinq Universitetinin tədqiqatçıları "post-COVID göz sindromu” adlandırdıqları vəziyyəti təsvir ediblər. Onların qənaətinə görə, bu sindrom T-hüceyrələrinin vasitəçiliyi ilə yaranan xroniki neyroiltihabla əlaqədardır. Nəşrin yazdığına görə, məhz bu mexanizm işığa həssaslığın uzun müddət davam etməsini, gözlərin tez yorulmasını, kompüter qarşısında işləyərkən görmənin bulanıqlaşmasını və gözlərin arxasında hiss olunan baş ağrılarını izah edə bilər. Halbuki adi göz müayinəsi zamanı heç bir problem aşkarlanmaya bilər.
Araşdırmada İsveçdə yüngül COVID-19 keçirmiş, lakin infeksiyadan sonra uzun müddət görmə problemlərindən şikayət edən 100 nəfər, həmçinin belə əlamətləri olmayan 32 nəfər iştirak edib. İştirakçıların əksəriyyətində şikayətlər bir ildən çox, təxminən üçdəbirində isə iki ildən artıq müddətdə davam edib.
Əvvəlcə bütün iştirakçılar standart oftalmoloji müayinədən keçiblər. Müayinəyə görmə itiliyinin, buynuz qişanın qalınlığının, göz yaşı ifrazının və digər göstəricilərin qiymətləndirilməsi daxil olub. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu testlərin heç biri hər hansı patologiyanı aşkar etməyib.
"Kağız üzərində xəstələr tam sağlam görünürdülər”, deyə nəşr qeyd edir.
Yalnız xüsusi diaqnostik üsullar tətbiq edildikdən sonra problemlər üzə çıxıb. Konfokal mikroskopiya vasitəsilə alimlər buynuz qişadakı sinir liflərinin sıxlığının əhəmiyyətli dərəcədə azaldığını müəyyən ediblər. Dinamik pupillometriya isə bəbəyin işığa reaksiyasında pozuntuları üzə çıxarıb.
Alimlərin fikrincə, bu nəticələr avtonom sinir sisteminin zədələnməsinə işarə edir və işığa həssaslığın artmasını, baxışı fokuslamaqda çətinlikləri, həmçinin oxuyarkən və ya ekran qarşısında işləyərkən yaranan ağrıları izah edə bilər.
Tədqiqatçılar göz yaşı mayesinin tərkibini də analiz ediblər. Onlar 178 zülalda dəyişiklik aşkar ediblər. Ümumi zülal profili daha əvvəl ağır COVID-19 keçirmiş xəstələrdə müşahidə olunan göstəricilərə çox bənzəyib. Məqalədə qeyd olunur ki, bu, hətta xəstəliyin yüngül formasından sonra da immun sistemində uzunmüddətli dəyişikliklərin davam edə biləcəyini göstərə bilər.
Bununla yanaşı, müəlliflər araşdırmanın müəyyən məhdudiyyətlərini də qeyd edirlər. Tədqiqat nisbətən kiçik iştirakçı qrupu üzərində aparılıb və könüllülər araşdırmaya öz təşəbbüsləri ilə qoşulublar. Buna görə də yüngül COVID-19 keçirən insanların nə qədərində bu cür dəyişikliklərin müşahidə olunduğunu müəyyənləşdirmək hələlik mümkün deyil.
Araşdırmada həmçinin bildirilir ki, hazırda bu vəziyyət üçün effektiv müalicə üsulu mövcud deyil. Alimlər T-hüceyrələri ilə əlaqəli xroniki neyroiltihabın qarşısını almağa yönəlmiş müalicə metodlarının hazırlanması üçün əlavə tədqiqatların aparılmasına çağırırlar.
Aydın
Şərhlər