Alimlər kainatın ən böyük kosmik strukturlarından biri hesab edilən Herkulesin Böyük divarı barədə yeni və heyrətamiz məlumat aşkarlayıblar. Son tədqiqatlar göstərir ki, bu nəhəng quruluş Yerə əvvəl düşünüləndən daha yaxındır və təqribən 10 milyard işıq ili uzunluğundadır. Bu isə kainatda maddənin paylanması ilə bağlı müasir kosmoloji nəzəriyyələri sual altına qoyur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ecoticias" nəşri yazır.
Hərçənd "yaxınlıq” nisbidir — çünki bu quruluş Yerə hələ də 100 000 trilyon kilometrlərlə məsafədədir — onun miqyası və nisbətən yaxın yerləşməsi hətta təcrübəli tədqiqatçıları belə heyrətləndirib.
Kosmik mayaklar: qamma partlayışlar yeni üfüqləri açır
Bu kəşf güclü kosmik partlayışlar – qamma şüa partlayışlarının müşahidəsi sayəsində mümkün olub. Belə partlayışlar neytron ulduzların birləşməsi və ya nəhəng ulduzların çöküşü zamanı baş verir. Onların yaratdığı intensiv işıq impulsları sanki uzaq məsafələrdə işıq saçan mayaklar kimi istifadə edilir və böyükmiqyaslı struktur xəritələrinin qurulmasına imkan verir.
Alimlər bu partlayışların paylanmasını təhlil edərək, Herkulesin Böyük divarını təmsil edən sıx qalaktika yığımını modelləşdirə biliblər. Bu struktur bərk fiziki divar deyil, lakin qalaktikaların sıx toplanmış bir bölgəsidir və ölçüləri ilə valeh edir.
Tədqiqat müəllifləri qeyd edirlər: "Bu quruluş indiyədək müşahidə etdiyimiz hər şeyi aşır və bizi kainatın formalaşması proseslərinə yenidən baxmağa vadar edir”.
Bu kəşf nə deməkdir?
Herkulesin Böyük divarının aşkarlanması alimlər qarşısında yeni suallar qoyur. Kainatın 13,8 milyard il əvvəlki Böyük partlayışdan bu qədər nəhəng strukturu bu qədər qısa müddətdə necə formalaşdıra bildiyi hələ də açıqlanmamış qalır. Bəzi nəzəriyyəçilər artıq Standart kosmoloji modelin yenilənməsi və ya hətta tam şəkildə yenidən qiymətləndirilməsi zərurətindən danışırlar.
Tədqiqat qrupunun rəsmi açıqlamasında bildirilir: "Bu kəşf kainatda nə dərəcədə nizamın mümkün olduğunu düşündüyümüz sərhədləri pozur”.
Aydın
Şərhlər