Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasa təqsirləndirilən şəxsin vəkili Sevil Məmmədova qatılmayıb.
Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur
Bugünki iclasda vəkilin iştirak etməməsi ilə bağlı müvafiq qaydada ərizə göndərib.
Qasımov deyib ki, vəkili ilə sentyabrın 21-də müqavilə bağlayıb, buna görə də yeni müdafiəçisi iclasda iştirak edə bilməyib.
Hakim xatırladıb ki, öncəki iclasda dövlət hesabına təyin olunan vəkildən imtina edən Qasımov yeni vəkil ilə müqavilə bağlayacağını deyib, lakin bunu gecikdirib. O, bu halı məhkəmə işinin süründürməçiliyi kimi qiymətləndirdiyini açıqlayıb. Dövlət ittihamçısı isə vəkil iştirak etmədiyi üçün iclasın təxirə salınmasını təklif edib.
Proses sentyabrın 30-da davam edəcək.
Qeyd edək ki, bundan əvvəlki iclasda Sultan Qasımov ittiham aktını almadığını demişdi. Hakimlər ona ittiham aktını verilməsi ilə bağlı iclası təxirə salmışdı.
İttihama görə, sabiq Baş konsul Sultan Qasımovun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıblar. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.
Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub, 2016-cı ildə isə həmin vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində baş konsul vəzifəsinə təyin edilib, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
S.Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.
Şərhlər