Hərbi donanma tarixində çoxsaylı fərqli tipli gəmilər inşa olunub və bəziləri həqiqətən çox qeyri-adi xüsusiyyətlərə malik olub.
Qaynarinfo xəbər verir ki, "SlashGear" portalı tarixdə yaradılmış ən qəribə beş hərbi gəmiyə nəzər salıb.
"USS Tucumcari" (PGH-2)
ABŞ-ın patrul artilleriya kateri "USS Tucumcari" (PGH-2) 1967-ci ildə istifadəyə verilib. Vyetnam müharibəsində və Soyuq müharibə dövründə iştirak edib. Onun əsas özəlliklərindən biri gövdəsinin altında yerləşdirilən "qanadlar” idi - sürət müəyyən həddə çatdıqda kateri suyun üzərinə qaldırır, beləliklə hava müqavimətini azaldırdı.
LM1500 qaz turbinli mühərrik və su reaktiv hərəkət sistemi ilə təchiz edilən gəmi dəqiqədə 120 ton dəniz suyunu hərəkətə gətirirdi. Vyetnamdakı tapşırıqlardan sonra Avropada və Karib hövzəsində hərbi təlimlərə qatıldı, lakin Puerto-Rikoda quruya oturaraq xilasetmə zamanı bərpaolunmaz ziyan aldı.
"Novqorod" üzən batareyası
1871–1874-cü illərdə inşa edilən bu dairəvi formalı gəmi daha çox üzən ada təsiri bağışlayırdı. Qara dənizdə, xüsusilə Odessa və Nikolayev sahillərinin müdafiəsi üçün nəzərdə tutulmuşdu.
Dairəvi forma sayəsində dayaz sularda belə ağır artilleriya – iki 280 mm-lik top yerləşdirmək mümkün idi.
"USS Independence"
ABŞ-ın "USS Independence" aviadaşıyıcısı üç gövdəli quruluşu ilə fərqlənir. Orta hissədəki dar və iti gövdə suyu qılınc kimi yarır, bu da gəminin yüksək manevr və 44 dəniz mili (81 km/saat) sürət əldə etməsinə imkan verir.
Modul yükləmə sistemi sayəsində 57 mm-lik toplar, RIM-116 və SEARAM raketləri, eləcə də müasir müşahidə sensorları ilə təchiz oluna bilər. 2002-ci ildən bu tipdən 15-dən çox gəmi tikilib.
"Habakkuk"
II Dünya müharibəsi dövründə Böyük Britaniyanın planlaşdırdığı nəhəng aviadaşıyıcı layihəsi idi. Donmuş su və taxta yonqar qarışığından (pikerit) hazırlanmalı idi ki, bu da polad istifadəsini azaltmağa imkan verəcəkdi.
Planlaşdırılan ölçüləri – 610 metr uzunluq, 61 metr en və 2 milyon ton çəki idi. 300 təyyarə yerləşdirə biləcək bu gəmi yalnız maket mərhələsinədək gəldi, layihə yüksək xərc və texnoloji dəyişikliklər səbəbindən dayandırıldı.
"IRIS Shahid Mahdavi"
İranın 2023-cü ildə istifadəyə verdiyi bu qeyri-adi vertolyotdaşıyıcı əvvəlcə konteyner gəmisi olub, sonradan hərbi məqsədlər üçün yenidən qurulub. Vertolyotların şaquli qalxma-enmə qabiliyyətinə görə uzun uçuş zolağına ehtiyac yoxdur.
Bundan başqa, gəmi döyüşdən əvvəl mülki gəmi kimi maskalana bilir.
Aydın
Şərhlər