"Biz sahibkarı regionlarda işləməyə həvəsləndirməliyik. Çünki dayanıqlı iş yerlərini sahibkar yaradır və bununla da büdcə yükünü azaltmış olarıq".
Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, bu məqsədlə vergi güzəştləri, subsidiyalar, infrastruktur dəstəyi, kommunal xərclərin optimallaşdırılması, investisiya təşviqləri genişləndirilməlidir:
"Büdcə yalnız xərcləmə sənədi deyil, həm də idarəetmə mədəniyyətidir. Mən düşünürəm ki, biz bir neçə il öncə qənaət rejiminə keçməli idik və indi bunu sistemli formada etməliyik".
Müşfiq Cəfərov vurğulayıb ki, qənaət rejimi vətəndaşın sosial rifahına mənfi təsir göstərməməlidir:
"Qənaət səmərəsiz proqramlardan, israfçılıqdan, korrupsiya və rüşvətxorluqdan yığılan vəsaitlər hesabına olmalıdır. Bu, büdcənin yükünü azaltmaqla yanaşı dövlət idarəçiliyini də sağlamlaşdıracaq. Biz real vəziyəti və atmaq istədiyimiz addımı düzgün analiz etməliyik. Burada belə bir mənzərə yaranmamalıdır ki, "Mən vergini plandan artıq yığdım” və ya "mən xərclərə qənaət etdim” – əlbəttə, bunlar olmalıdır. Amma bizim əsas hədəfimiz ölkəmizin inkişafı, xalqımızın rifahı olmalıdır".
Qafqaz Rafiqoğlu
Şərhlər