"Bu fərman "ipoteka ləğv edildi" və ya "vətəndaşlar artıq güzəştli ipoteka ala bilməyəcək" demək deyil. Sadəcə sahibkarlara verilən kredit zəmanəti və faiz subsidiyası ilə bağlı səlahiyyətlər bir fonddan digər fonda köçürülüb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Prezident İham Əliyevin İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərin alınıb Azərbaycan Biznesinin İnkişafı Fonduna verilməsi ilə bağlı fərmanın əhəmiyyətindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, əvvəllər sahibkarlar, bizneslə məşğul olan şəxslər və şirkətlər bankdan kredit götürəndə dövlət zəmanəti və faiz subsidiyası almaq üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna müraciət edirdilər:
"Yeni fərmanla həmin səlahiyyətlər artıq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Biznesinin İnkişafı Fonduna verilib. Adi vətəndaş kimi ev ipotekası almaq istəyənlər üçün heç nə dəyişmir. Güzəştli ipoteka və adi ipoteka kreditləri əvvəlki qaydada İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə davam edir. Dəyişiklik əsasən sahibkarlara verilən kredit dəstəyi mexanizmi ilə bağlıdır".
Sahibkarlara gəlincə, Akif Nəsirli əlavə edib ki, əgər bir sahibkar biznes krediti götürürsə, kreditə dövlət zəmanəti almaq və kredit faizinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi (faiz subsidiyası) üçün artıq İpoteka və Kredit Zəmanət Fonduna yox, Azərbaycan Biznesinin İnkişafı Fonduna müraciət edəcək:
"Dövlət niyə bunu edib? Məqsəd biznes kreditləri ilə bağlı bütün dəstək mexanizmlərini bir qurumda toplamaq və prosesi sadələşdirməkdir. Beləliklə, İpoteka Fondu daha çox mənzil və ipoteka məsələlərinə fokuslanacaq, Biznes Fondu isə sahibkarlara dəstək proqramlarını idarə edəcək".
Qeyd edək ki, Prezident İham Əliyev Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.
Bahar Rüstəmli
Şərhlər