
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edilib. Bu yaşa çatmış işçilərin həmin müəssisələrdə fəaliyyət müddəti müəyyən şərtlərlə uzadıla bilər.
Qaynarinfo xəbər verir ki, bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsində əksini tapıb.
Məcəlləyə əsasən, 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Bu qaydada uzadılma müddəti ümumilikdə beş ildən artıq ola bilməz.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olan işçilərin çalışma müddəti isə müəyyən edilmiş bu həddən artıq da uzadıla bilər. Bunun üçün həmin xidmətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir.
Qanuna əsasən, çalışma müddəti uzadılan işçilərin sayı müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların ümumi sayının 15 faizindən çox ola bilməz. Eyni zamanda, hər bir müəssisədə müddəti uzadılmış işçilərin sayı həmin müəssisənin işçilərinin ümumi sayının 2 faizini keçməməlidir.
İşçilərinin sayı 100 nəfərdən az olan müəssisələrdə isə çalışma müddəti uzadılmış şəxslərin sayı iki ştat vahidinədək yuvarlaqlaşdırılır.
Məcəllədə, həmçinin qeyd olunur ki, işçinin çalışma müddətinin uzadılmasına yalnız onun razılığı ilə yol verilir.
Günay