Xəbər lenti

Dünya İqtisadi Forumu Davosu tərk edə bilər - FT
Dünya 10:40 22.01.2026

Dünya İqtisadi Forumu Davosu tərk edə bilər - FT

Dünya İqtisadi Forumunun (WEF) təşkilatçıları onilliklərdir İsveçrənin Davos şəhərində keçirilən illik toplantının yerinin dəyişdirilməsi imkanını müzakirə edirlər. Bu məsələnin gündəmə gəlməsinə səbəb forumun ənənəvi Alp kurortunu "ötüb keçməsi" və çoxsaylı iştirakçılarla artan infrastruktur yükünün idarə olunmasının çətinləşməsi ilə bağlı narahatlıqlardır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.

Bu müzakirələrin əsas təşəbbüskarlarından biri investisiya nəhəngi "BlackRock”un rəhbəri və WEF-in idarə heyətinin müvəqqəti həmsədri olan Larri Finkdir. O, qeyri-rəsmi söhbətlərdə forumun daha az elitist və daha açıq olmasının vacibliyini vurğulayıb, tədbirin daimi olaraq başqa yerə köçürülməsi və ya rotasiya prinsipi ilə müxtəlif şəhərlərdə keçirilməsi imkanlarını qeyd edib. Müzakirə olunan variantlar arasında Detroyt (ABŞ), Dublin (İrlandiya) və digər iri şəhərlər var.

Bu debatlar WEF rəhbərliyindəki dəyişikliklər fonunda aparılır. Təşkilatın banisi Klaus Şvabın 2025-ci ildə istefasından sonra idarəetmə yeni müvəqqəti heyətə keçib ki, bu da forumun gələcək strategiyasına yenidən baxılmasını sürətləndirir.

Ənənəvi olaraq Davos forumu minlərlə siyasi lideri, iri şirkətlərin top-menecerlərini və ekspertləri qlobal iqtisadi, texnoloji və siyasi çağırışları müzakirə etmək üçün bir araya gətirir. Lakin məhdud infrastruktur, xüsusən də yaşayış yerlərinin çatışmazlığı və təhlükəsizliklə bağlı çətinliklər bəzi iştirakçı və təşkilatçıları dəyişikliklər barədə düşünməyə vadar edir.

Buna baxmayaraq, WEF rəsmi mövqeyində Davosu "tarixi və praktik məkan” kimi dəstəkləməyə davam edir. Forumdan əhəmiyyətli iqtisadi fayda əldə edən İsveçrə hökuməti və yerli bizneslərin hər hansı köçürülməyə qarşı çıxacağı gözlənilir.

Aydın
--> -->