Xəbər lenti

Dünyanın ən böyük kinoteatrlarından biri oturacaqlarını satacaq
Dünya 15:39 08.07.2026

Dünyanın ən böyük kinoteatrlarından biri oturacaqlarını satacaq

Art-deko üslubunda inşa edilən və dünyanın ən məşhur kinoteatrlarından biri hesab olunan Parisdəki "Le Grand Rex” kinoteatrı mavi məxmər örtüklü kreslolarının bir hissəsini satışa çıxarmağa hazırlaşır.

Qaynarinfo "Digi24.ro”ya istinadən xəbər verir ki, adi kresloların qiyməti 30 avro, arxasında "Rex” yazısı olan modellərin qiyməti isə 40 avro təşkil edəcək. İki nəfərlik kreslolar isə "ilk gələn, ilk alır” prinsipi ilə keçiriləcək satış çərçivəsində 60 avroya təklif olunacaq.

Kinoteatr rəhbərliyi kresloların "ideal vəziyyətdə” olduğunu bildirib. Onlar təxminən 100 nəfərlik kiçik zaldan çıxarılıb. Hazırda həmin zalın yenidən qurulması planlaşdırılır.

"Le Grand Rex” kinoteatrının əsas zalı olan "La Grande Salle” 2700 tamaşaçı tutumu ilə dünyanın ən böyük kino zallarından biri sayılır. Art-deko üslubunda inşa edilən kinoteatr 1932-ci ildə Aleksandr Dümanın XIX əsrə aid romanı əsasında rejissor Anri Diaman-Berjenin çəkdiyi "Üç muşketyor” filmi ilə fəaliyyətə başlayıb.

Əvvəlcə əsas zalın 5000 tamaşaçı üçün nəzərdə tutulması planlaşdırılırdı. Lakin layihəyə dəyişiklik edildikdən sonra belə, 1930-cu illərdə bəzi nümayişlərə 3000-dən çox tamaşaçı qatılırdı.

İkinci Dünya müharibəsi zamanı "Le Grand Rex” nasist Almaniyası tərəfindən müsadirə olunaraq "Deutsches Soldatenkino” — alman əsgərləri üçün kinoteatr adlandırılıb. İşğal dövründə burada Fransa ərazisində yerləşdirilən alman qoşunları üçün film nümayişləri təşkil olunub.

Müharibədən sonra, 1946-cı ildə burada nümayiş etdirilən "Pinokkio” filmi kinoteatrda göstərilən ilk "Disney” filmi olub. 1950-ci ildə isə "Küləklə sovrulanlar” filmi tamaşaçılara təqdim edilib.

Kinoteatr fəaliyyəti dövründə bir neçə dəfə yenidən qurulub. Satışa çıxarılan kreslolar da son onillikdə aparılan təmir işləri zamanı quraşdırılan modellərdir.

"Le Grand Rex” 1981-ci ildə tarixi abidə statusu alıb.

Qeyd edək ki, "Le Grand Rex” Parisin ən tanınmış mədəniyyət məkanlarından biri olmaqla yanaşı, Avropanın ən böyük kinoteatr komplekslərindən biri hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->