XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünyanın ən böyük qızıl yatağı tapıldı: 83 milyard dollar
Dünya15:56 30.08.2026

Dünyanın ən böyük qızıl yatağı tapıldı: 83 milyard dollar

Çində geoloqlar dünyanın ən böyük qızıl yatağı ola biləcək yataq aşkarlayıblar. İlkin hesablamalara görə, yataqdakı qızıl ehtiyatlarının dəyəri təxminən 83 milyard dollar təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.

Söhbət Xunan əyalətinin Pinçzyan dairəsində yerləşən Vanqu yatağından gedir. Hələ 2024-cü ildə çinli geoloqlar burada 40-dan çox qızıl damarı aşkarlamış və təxminən 2 kilometr dərinlikdə 330 ton qızıl filizi ehtiyatının olduğunu hesablamışdılar.

Lakin yeni 3D modelləşdirmə daha böyük rəqəmləri üzə çıxarıb. Yatağın dərinliklərində 1100 tona qədər qızılın ola biləcəyi və qiymətli metalın təxminən 3 kilometr dərinlikdə yerləşdiyi müəyyənləşdirilib.

Yatağı xüsusilə dəyərli edən amillərdən biri metalın yüksək konsentrasiyasıdır. Bir ton filizin tərkibində 138 qram qızılın olması sənaye üsulu ilə hasilat üçün olduqca yüksək göstərici hesab edilir.

“Çıxarılan qaya nümunələrinin bir çoxunda qızıl çılpaq gözlə görünürdü”, deyə Xunan əyalətinin Geologiya Bürosunun yataqların kəşfiyyatı üzrə eksperti Çen Julin bildirib.

1100 tonluq ehtiyat təsdiqlənərsə, Çindəki bu yataq hazırda lider olan Cənubi Afrikadakı “South Deep” mədənini geridə qoyacaq. Həmin mədənin qızıl ehtiyatları 1025 ton qiymətləndirilir.

Dünyanın ən böyük qızıl yataqları siyahısında ilk beşliyə daha sonra İndoneziya, Rusiya, Papua-Yeni Qvineya və Çilidəki mədənlər daxildir. Müqayisə üçün, bəşər tarixində indiyədək təxminən 233 min ton qızıl hasil edilib. Bunun 2/3-si 1950-ci ildən sonra çıxarılıb.

Çin onsuz da dünyanın ən böyük qızıl istehsalçısıdır və qlobal hasilatın təxminən 10 faizi bu ölkənin payına düşür. Lakin ölkə hasil etdiyindən üç dəfə çox qızıl istehlak edir və buna görə də qiymətli metalı böyük həcmdə idxal etməyə məcburdur.

Xunan əyalətinin Geologiya Bürosunun rəhbər müavini Lyu Yunçzünün sözlərinə görə, bu, yataqla bağlı son kəşf deyil. Qazma işləri zamanı yatağın yaxınlığındakı ərazilərdə əlavə qızıl filizi ehtiyatları da aşkarlanıb.

Aydın