Xəbər lenti

Ekspert: Vahid geyim təhsil mühitində nizam-intizamı gücləndirə bilər
Ölkə 15:23 16.06.2026

Ekspert: Vahid geyim təhsil mühitində nizam-intizamı gücləndirə bilər

"Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər son günlər təhsil ictimaiyyətində geniş maraq doğuran mövzulardan birinə çevrilib. Təhsil sisteminin müxtəlif istiqamətlərini əhatə edən yeniliklər həm ekspertlər, həm də ictimaiyyət tərəfindən müzakirə olunur. 

Qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin məktəb mühitinə mümkün təsirlərini dəyərləndirmək üçün Qaynarinfo təhsil eksperti Məzahir Məmmədlinin fikirlərini öyrənib.

Ekspert dəyişiklikləri ümumilikdə müsbət qiymətləndirib və xüsusilə müəllimlər üçün vahid geyim formasının tətbiqi məsələsinə toxunaraq bunun təhsil mühitinə müəyyən müsbət təsirlər göstərə biləcəyini bildirib.

Məzahir Məmmədlinin sözlərinə görə, hazırda məktəbli formaları Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında müəyyən edilir. Hər bir məktəbə təqdim olunan dörd forma variantından biri valideynlərin və pedaqoji heyətin razılığı ilə seçilir. Seçilmiş forma isə ən azı üç il müddətində dəyişdirilə bilmir.
 


Ekspert qeyd edib ki, müəllimlərin geyimi ilə bağlı tənzimləmələr indiyədək əsasən etik davranış qaydaları çərçivəsində həyata keçirilib. Bu qaydalar müəyyən geyim məhdudiyyətlərini nəzərdə tutsa da, müəllimlər üçün vahid geyim forması ayrıca hüquqi normativ akt kimi təsbit olunmayıb.

Onun sözlərinə görə, artıq ölkənin müxtəlif bölgələrində və Bakı şəhərində fəaliyyət göstərən bir sıra məktəblərdə müəllimlər üçün vahid geyim forması tətbiq edilir. Bu qərarlar pedaqoji şuraların daxili qərarları əsasında qəbul olunur.

"Bu gün Azərbaycanda ondan artıq məktəbdə müəllimlər daxili qərarlar əsasında vahid geyim formasında dərsə gəlirlər. Bu yanaşma müəllimlərin hər gün geyim seçiminə sərf etdikləri vaxtın azalmasına şərait yaradır. Eyni zamanda şagirdlərin diqqətinin müəllimin geyiminə deyil, dərs prosesinə yönəlməsinə xidmət edir", deyə o vurğulayıb.

Məzahir Məmmədli hesab edir ki, vahid geyim forması məktəblərdə nizam-intizamın əsas göstəricisi olmasa da, müəyyən müsbət təsirlər yarada bilər. Onun fikrincə, bu yanaşma müəllimlərin geyim mədəniyyətinə dair vahid standartların formalaşmasına və təhsil mühitində daha ciddi işgüzar atmosferin yaranmasına töhfə verə bilər.

Ekspert əlavə edib ki, müəllimlərin geyimində müəyyən çərçivələrin müəyyənləşdirilməsi, xüsusilə qeyri-etik və ya diqqətçəkən geyim elementlərinin aradan qaldırılması məktəblərdə tərbiyəvi mühitin güclənməsinə də xidmət edə bilər.

Onun sözlərinə görə, əgər müəllimlər üçün vahid geyim forması ilə bağlı qərar qəbul edilərsə, gələcəkdə şagirdlər kimi müəllimlərin də eyni standartlara uyğun geyimdə olması mümkün ola bilər. Bu isə ümumilikdə məktəblərdə vahid yanaşmanın formalaşmasına və daha nizamlı təhsil mühitinin yaradılmasına şərait yarada bilər.

Aydın
--> -->