Texnologiya dünyasını sarsıdan yeni araşdırma 18-34 yaşlı gənclərin sektorun aparıcı rəhbərlərinə qarşı dərin inamsızlığını ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, süni intellekt sahəsindəki doqquz tanınmış rəhbərin hamısına münasibətdə yüksək şübhə göstəricisinin qeydə alınmasının arxasında karyera və gələcəklə bağlı narahatlıqlar dayanır.
Gələcəyin dünyasını formalaşdıran süni intellekt nəhənglərinin rəhbərləri ilə Z və Y nəsilləri arasındakı uçurum dərinləşir. “CNBC” və “Generation Lab”ın 18-34 yaşlı gənclər arasında keçirdiyi genişmiqyaslı sorğu diqqətçəkən mənzərə ortaya qoyub.
Məlumatlara görə, gənclər rəqəmsal dövrün istiqamətini müəyyənləşdirən ən məşhur doqquz rəhbərin heç birinə tam etibar etmir. Sorğuda ən yüksək inamsızlıq göstəricisi “Palantir” şirkətinin baş icraçı direktoru (CEO) Aleks Karpla bağlı olub. Respondentlərin 81 faizi Karpın fəaliyyətinə şübhə ilə yanaşdığını bildirib.
İdarə heyətinin sədri Piter Til 79 faizlə ikinci yerdə qərarlaşıb. “OpenAI” CEO-su Sem Altman, “Anthropic” CEO-su Dario Amodei və “Google”un baş direktoru Sundar Piçai üzrə bu göstərici 75 faiz olub. “Meta” CEO-su Mark Zukerberq, “Tesla” və “SpaceX” rəhbəri İlon Mask və “Nvidia” CEO-su Censen Huanq üzrə göstərici 70 faiz təşkil edib. Siyahının sonunda yer alan “Microsoft” CEO-su Satya Nadellaya belə respondentlərin 65 faizi etibar etmədiyini bildirib.
Gənclərin bu məsafəli münasibətinin arxasında birbaşa peşəkar gələcəklə bağlı narahatlıqlar dayanır. İştirakçıların təxminən yarısı süni intellektin onların karyerasına mənfi təsir göstərəcəyini düşünür. Bu texnologiyanın gələcəyinə ümidlə baxanların payı isə cəmi 10 faiz təşkil edib.
Bənzər bədbinlik maliyyə gözləntilərində də özünü göstərib. İştirakçıların təxminən 80 faizi ABŞ iqtisadiyyatının vəziyyətinə dair mənfi hisslər keçirdiyini bildirib. Gələcəkdə vəziyyətin daha da pisləşəcəyini düşünənlərin payı 50 faizə çatıb. İqtisadiyyatın bərpa olunacağını gözləyənlərin göstəricisi isə 22 faizdə qalıb.
Mövcud vəziyyətdən yaranan narazılıq siyasi sistemə münasibətə də təsir edib. Belə ki, gənclərin 46 faizi demokratik sosializmə müsbət yanaşdığını bildirib.
Aydın
Şərhlər