"Sabah əmək bazarına çıxacaq bir məzunun ali təhsil müəssisəsindən bu cür ayrılması üzücüdür və arzuolunan hal deyil. Universiteti bitirən hər bir gənc təhsil ocağından xoş təəssüratlarla ayrılmalıdır. Təəssüf ki, bəzi hallarda məzunluq dövrü belə neqativ hadisələrlə yadda qalır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Bakıda dələduzluq iddiaları səbəbindən ləğv edilən məzun gecəsi ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, son illər ali təhsil müəssisələri arasında məzun tədbirlərinin keçirilməsi ilə bağlı qeyri-sağlam rəqabət formalaşıb:
"Böyük məkanların icarəyə götürülməsi, tanınmış müğənnilərin dəvət olunması və bunun üçün yüksək məbləğdə vəsaitlərin xərclənməsi artıq bir dəbə çevrilib. Halbuki dəfələrlə mediada, sosial şəbəkələrdə və təhsil proqramlarında təklif olunub ki, məzun tədbirlərinə tanınmış alimlər, Nobel mükafatı laureatları və elmdə böyük uğurlar qazanmış şəxslər dəvət edilsin. Gənclər həmin insanlardan faydalı bilik və təcrübə əldə edə bilərlər".
Məzahir Məmmədli bildirib ki, bu gün əsas diqqət məşhur müğənnilərin dəvət olunmasına, bəzən isə milli-mənəvi dəyərlərimizə və təhsil mühitinə uyğun olmayan davranışların nümayişinə yönəlir:
"Üstəlik, belə tədbirlərin ətrafında dələduzluq iddialarının yaranması vəziyyəti daha da ağırlaşdırır. Bir ali təhsil müəssisəsinin məzunlarının belə problemlə üzləşməsi və ya tədbirin son anda təxirə salınmasının səbəblərinin aydın izah edilməməsi çoxsaylı suallar doğurur".
Ekspert vurğulayıb ki, bir sıra sahələrdə dünya standartlarına yaxınlaşsaq da, məzun tədbirlərinin təşkili baxımından hələ də geridə qalırıq:
"Avropada və inkişaf etmiş ölkələrdə məzun mərasimləri daha çox təşəkkür, minnətdarlıq və yekun hesabat xarakteri daşıyır. Valideynlər də bu mərasimlərdə iştirak edir, məzunlara diplom və sertifikatlar təqdim olunur, onlar əmək bazarına uğurlanırlar. Təəssüf ki, bizdə bu ənənə hələ tam formalaşmayıb".
Məzahir Məmmədli ümid edir ki, baş verən hadisədən nəticə çıxarılacaq və gələcəkdə məzun günləri daha sağlam, maarifləndirici və məzmunlu şəkildə təşkil olunacaq.
Qeyd edək ki, Bakıda tələbələr üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, tədbirin təşkili məqsədilə təxminən 250 tələbənin hər birindən 185 manat olmaqla ümumilikdə 46 min 250 manat vəsait toplanıb. Hadisə ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, məsələ hələ də geniş müzakirə olunur.
Bahar Rüstəmli
Şərhlər