Xəbər lenti

MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib
Dünya 16:38 28.04.2026

MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib

Nüvə fəlakəti riski soyuq müharibənin ən gərgin dövrlərindən bəri ən yüksək səviyyəyə çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) icrasına dair konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müharibə yenidən Avropa və Yaxın Şərqə qayıdıb, sülh və təhlükəsizliyi təmin edən çoxtərəfli mexanizmlər isə böyük təzyiq altındadır. Qrossi əlavə edib ki, müasir nüvə mühitində daha çox iştirakçı, daha çox risk və daha az aydınlıq müşahidə olunur.

MAQATE rəhbəri ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməyə çağırıb. Bununla yanaşı, o qeyd edib ki, nüvə elmi və texnologiyalarının inkişafı vacibdir, çünki bu sahə enerji və ərzaq təhlükəsizliyi, səhiyyə və ətraf mühitin qorunmasına töhfə verir.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsi nüvə silahlarının yayılmasının qarşısını almaq, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığı təşviq etmək və silahsızlanmaya nail olmaq məqsədi daşıyan beynəlxalq sazişdir. Sənəd ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanı rəsmi nüvə dövlətləri kimi tanıyır, digər ölkələrin isə bu silahları əldə etməsini qadağan edir və hər beş ildən bir yenidən nəzərdən keçirilir. Qeyri-rəsmi olaraq isə Hindistan, Pakistan, Şimali Koreya və ehtimal ki, İsrail də nüvə silahına malik ölkələr hesab olunur.

Qrossinin açıqlaması bəzi ölkələrin nüvə silahı əldə etmək niyyətləri ilə bağlı son bəyanatlar fonunda səslənib. Polşanın baş naziri Donald Tusk Varşavanın öz nüvə silahını yaratmağa çalışdığını bildirib.

Finlandiyanın prezidenti Aleksandr Stubb isə 2024-cü ilin martında ölkəsinin "real nüvə çəkindirmə vasitəsinə” malik olmalı olduğunu deyib. 2026-cı il aprelin 23-də Finlandiya hökuməti parlamentə nüvə silahının idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təklif edib.

Bundan əlavə, İranın nüvə silahı yaratmağa doğru irəlilədiyi ehtimal olunur. Lakin MAQATE 2026-cı ildə İranın nüvə bombası hazırladığına dair sübut aşkar etmədiyini bildirib.

Aydın
--> -->