Hazırda Rusiya istintaq təcridxanasında saxlanılan, dələduzluqda ittiham olunan azərbaycanlı vəkil Elman Paşayev 5 milyon rublluq (təxminən 103 min manat) “Range Rover” avtomobilinin üzərindəki həbs qərarının götürülməsi üçün məhkəməyə müraciət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı yazıb.
Avtomobil 2024-cü ilin sentyabrında məhkəmə icraçıları tərəfindən borcun tutulması çərçivəsində müsadirə edilərək xüsusi dayanacağa yerləşdirilib. Borcun ümumi məbləği 36,5 milyon rubldan (təxminən 749 min manat) çoxdur.
Maliyyə iddialarının əsası 2012-ci ilə gedib çıxır. Həmin vaxt müştəri Nikolay Deryabin hüquqi xidmətlərin göstərilməsi üçün Paşayevə pul köçürüb. Lakin iş materiallarına əsasən, vəkil xidmətlərin göstərilməsinə başlamayıb və sonradan öhdəliklərindən imtina edib. Pulun bir hissəsi geri qaytarılıb, qalan məbləğ isə faiz və dəbbə pulu ilə birlikdə 2022-ci ildə Moskva Şəhər Məhkəməsinin qərarı ilə tutulub.
Paşayev şikayətində avtomobilə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyib. O, Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinin olduğunu və xüsusi hərbi əməliyyatda iştirakı ilə əlaqədar icra icraatının dayandırıldığını əsas gətirib. Lakin məhkəmə bu arqumentləri inandırıcı hesab etməyib.
Nəticədə məhkəmə keçmiş vəkilin tələbini təmin etməyib və bahalı avtomobili artıq açıq hərraca çıxarılıb.
Hazırda Paşayev istintaq təcridxanasında saxlanılır. İstintaqın versiyasına görə, o, Aleksey Blinovskidən 20 milyon rubldan və 300 min ABŞ dollarından çox pul alıb. İddia olunur ki, Paşayev bu vəsait müqabilində onun və bloqer Yelena Blinovskayanın cinayət təqibinin həllinə kömək göstərəcəyinə zəmanət verib.
Aydın
Şərhlər