Sənət 17:50 01.02.2024

Əməkdar artist nazirin təyin etdiyi yeni direktordan danışdı

"Samir Şəfiyevin yaxşı təşkilatçılığı var. Hələlik əmri 3 aylıq verilib, yəqin vaxt bitəndən sonra təsdiqlənər". 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının direktor əvəzi Vidadi Məmmədov deyib. 

Onun sözlərinə görə, yeni direktor Nərimanov Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsindən gəlib: 

"Samir müəllim illər öncə bu teatrda işləyib. Mən 2 ildir ki, teatrda direktor əvəzi kimi çalışırdım. Daha direktor gəldi, mən də öz işimi davam etdirəcəyəm. Aktyoram, rollarım var. Teatrda hər kəs öz işini görür, tamaşalar qoyulur".

Vidadi Məmmədovun sözlərinə görə, teatrın bütün yükü baş rejissor və prodüsserin çiyinlərinə düşür: 

"Aktyorun da əməyi danılmazdır. Tamaşaçı qarşısına çıxan, onunla birbaşa təmasda olan aktyordur".
 
Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin Samir Nizaməddin oğlu Şəfiyevi Sumqayıt Dövlət Dram Teatrına direktor təyin edib. 

Bahar Rüstəmli