XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Passiv siqaret çəkmə ildə 1,6 milyondan çox ölümə səbəb olur
Sağlamlıq13:05 08.09.2026

Passiv siqaret çəkmə ildə 1,6 milyondan çox ölümə səbəb olur

Passiv siqaret çəkmə 2023-cü ildə dünyada təxminən 1,66 milyon vaxtından əvvəl ölümə səbəb olub. Təxminən 2,7 milyard insan, o cümlədən 767 milyon uşaq tütün tüstüsünün təsirinə məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu qiymətləndirmələr “The Lancet” elmi jurnalında dərc olunan araşdırmada yer alıb.

Alimlər 2010-2025-ci illər arasında dərc edilmiş tədqiqatların məlumatlarını təhlil edərək, 1990-2023-cü illərdə 204 ölkə və ərazidə passiv siqaret çəkmənin əhalinin sağlamlığına təsirini qiymətləndiriblər. Müəlliflər vurğulayırlar ki, tütün tüstüsünə məruz qalmanın təhlükəsiz səviyyəsi mövcud deyil.

Passiv siqaret çəkmə ürək-damar və tənəffüs sistemi xəstəliklərinin riskinin artması ilə əlaqələndirilir. Tədqiqatçıların hesablamalarına görə, 2023-cü ildə bu amil 44,8 milyon sağlam ömür ilinin itirilməsinə səbəb olub. Ən böyük payı ürəyin işemik xəstəliyi təşkil edib. Bu xəstəlik zamanı ürək əzələsi kifayət qədər oksigenlə təmin olunmur.

“Xüsusilə uşaqlar həssas qrupdur. 2023-cü ildə tütün tüstüsünün təsiri uşaqlar arasında təxminən 5,16 milyon tənəffüs yolu infeksiyası ilə əlaqəli olub. Uşaq həm közərməkdə olan tütün məmulatından çıxan tüstünü, həm də siqaret çəkənin xaric etdiyi tüstünü uda bilər. Bununla yanaşı, siqaretin közərən ucundan çıxan tüstüdə bəzi zəhərli və kanserogen maddələrin konsentrasiyası daha yüksəkdir”, deyə alimlər izah ediblər.

Tədqiqatçılar qeyd edirlər ki, 1990-cı ildən 2023-cü ilədək dünyada siqaret çəkmənin yayılma səviyyəsi 22 faiz azalsa da, passiv siqaret çəkməyə məruz qalan insanların sayı demək olar ki, dəyişməyib. Səhraaltı Afrika, Şimali Afrika və Yaxın Şərq ölkələri də daxil olmaqla, bəzi regionlarda bu göstərici hətta artıb.

Müəlliflər insanları tütün tüstüsünün təsirindən qorumaq üçün, xüsusilə qadınlar və uşaqlara münasibətdə daha sərt tədbirlərin görülməsinin vacib olduğunu hesab edirlər. Onların fikrincə, bu tədbirlər insanların uzun müddət qaldığı yerləri, o cümlədən öz evlərini də əhatə etməlidir.

Aydın