Xəbər lenti

“Erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə...” - Deputat
Siyasət 17:01 10.03.2023

“Erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə...” - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyev bir daha sübut etdi ki, ölkəmiz sülhdə maraqlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakıda başlayan X Qlobal Bakı Forumu və burada Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib.
 
"X Qlobal Bakı Forumu dünyanın gündəmində olan ən aktual məsələlərin müzakirəsinə həsr olunub. "Yeni dünya nizamı kontekstində çağırışlar və ümidlər” mövzusunda çoxsaylı fikir mübadiləsi oldu. Burada önə çıxan ən vacib məsələlərdən biri də Cənubi Qafqazda təhlükəsizlik, xüsusən də Azərbaycanla Ermənistan arasında mümkün sülhlə bağlı Bakının mövqeyinin səsləndirilməsi idi. Bu kontekstdə Azərbaycan Prezidenti bir daha ölkəmizin mövqeyini sülh və beynəlxalq hüquqa söykənməklə əsaslandırdı. Azərbaycan regionda sülh istəyir. İlham Əliyev qeyd etdi ki, ötən ilin oktyabrında əldə olunan 5 baza prinsipində əksini tapan razılığı İrəvan sözdə deyil, əməldə icra edərsə, regionda sülhə doğru daha qətiyyətli addımlar atmaq mümkün olar. Prezident həmçinin bildirdi ki, Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, daha təhlükəsiz və bu vaxta qədər yaşadıqlarından daha yaxşı sosial mühitdə yaşayacaqlar”, deyə Hikmət Babaoğlu qeyd edib.
 


Deputat təəssüflə qeyd edir ki, Ermənistan isə sülhün əldə olunmaması üçün sona qədər əlindən gələni edir:
 
"Bu tək İrəvanın mövqeyi deyil, həm də regionda sülh istəməyən bəzi imperalist mərkəzlərin mövqeyidir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti Qlobal Bakı Forumu vasitəsilə ölkəmizin sülhpərvər mövqeyini bir daha bütün dünyaya çatdırdı. Düşünürəm ki, bu fürsəti ermənilər qaçırmamalıdır. Azərbaycan Prezidentinin bu mövqeyi əhəmiyyətlidir. Amma heç də həmişə masa üzərində qalan mövqe olmaya bilər. Cənubi Qafqazın təhlükəsizliyi həm də Avropanın enerji təhlükəsizliyi deməkdir. Forumda səsləndirilən fikirlər dünya ictimaiyyətinə təqdim olunmaqla Azərbaycanın mövqeyinin bir daha bəyan edilməsi oldu”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak və çıxış edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->