2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixinin mühüm mərhələlərindən biri oldu. 23 saat 43 dəqiqə davam edən əməliyyatdan sonra Qarabağdakı silahlı birləşmələrin tərksilah edilməsi və buraxılması ilə bağlı razılıq əldə edildi. Bununla Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası təmin olundu.
Hadisələrin tarixi əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 20 Sentyabr Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur.
“Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir tarixdir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu tarix separatçılığın tabutuna son mismarın vurulması kimi əbədi qalacaq”, - komitə sədri bildirib.

Səməd Seyidovun fikrincə, 20 Sentyabrın əhəmiyyəti yalnız ərazi bütövlüyü məsələsi ilə məhdudlaşmır. Bu tarix həm də Azərbaycan dövlətinin suverenliyinin bütün ölkə ərazisində təmin edilməsinin rəmzidir:
“20 Sentyabr Azərbaycanda ərazi bütövlüyünün və tarixi ədalətin tam bərpasını ifadə edir. Bu tarix, eyni zamanda, Azərbaycan və bütövlükdə region üçün yeni reallığın başlanğıcı kimi qiymətləndirilməlidir”.
Komitə sədri suverenliyin gələcək nəsillər üçün daşıdığı məna üzərində də dayanıb. Onun sözlərinə görə, dövlət suverenliyinin hansı tarixi proseslər nəticəsində təmin edildiyinin gələcək nəsillərə çatdırılması vacibdir:
“Suverenliyimizin tam bərpası ilə müstəqilliyimiz və dövlətçiliyimiz böyük uğur qazandı. Biz suverenliyin nə dərəcədə əhəmiyyətli və qiymətli olduğunu bilməli, bunu gənc və gələcək nəsillərə ötürməliyik”.
Səməd Seyidov suverenliyin dövlətin müstəqil qərar vermək imkanının əsas şərtlərindən olduğunu vurğulayıb:
“Çünki hər hansı dövlət suveren və müstəqil siyasət apara bilmirsə, həmin dövlətin gələcəyindən danışmaq çətindir. Bu gün Azərbaycan həm müstəqildir, həm suverendir, həm də öz müqəddəratını müəyyən etmək iqtidarındadır”.
Komitə sədri 20 Sentyabrın Azərbaycan xalqı üçün xüsusi tarixi və mənəvi məna daşıdığını qeyd edib:
“Hesab edirəm ki, 20 Sentyabr Azərbaycan xalqı üçün ən gözəl bayramlardan biridir”.
Əhməd
Şərhlər