Dünya 14:12 20.05.2023

Ermənistan 11 il sonra Macarıstana səfir təyin etdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan cümə günü Macarıstana 2012-ci ildən bəri ilk səfirin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, təyinatla bağlı sərəncam Ermənistan prezidentinin saytında dərc olunub.

"Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan iqamətgahı Tilfisdə olmaqla Ermənistan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib”, sərəncamda deyilir.

Qərar 2022-ci ilin avqustundan İrəvanın Gürcüstandakı diplomatik missiyasının rəhbəri olan Smbatyanın Macarıstanda yarımştat işləyəcəyi anlamına gəlir.

Xatırladaq ki, 2004-cü ildə Macarıstanda NATO təlimi zamanı erməni leytenant Qurqen Markaryanın qətlinə görə məhkum olunmuş Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının qərarı ilə 2012-ci ildən Ermənistanla Macarıstan arasında diplomatik əlaqələr dayandırılıb.

2022-ci ilin dekabrında Budapeşt və İrəvan diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər, xüsusən də Macarıstanın bir il əvvəl beş erməni hərbi əsirinin Ermənistana qaytarılmasına şərait yaratdığı nəzərə alınıb. 

Nizami Bağırov