Dünya 12:04 03.03.2023

"Ermənistan Türkiyə ilə münasibətləri tam nizamlamağa hazırdır" - Paşinyan

Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır. 

Qaynarinfo erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda müzakirələr zamanı deyib.

Baş nazir qeyd edib ki, Ermənistanın regionda sülhün bərqərar olması baxışının aspektlərindən biri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir.

"Biz ümid edirik ki, Türkiyə 90-cı illərin əvvəllərində birtərəfli qaydada bağladığı sərhədi tam açacaq”, - Paşinyan bildirib.

Bununla da o, bu istiqamətdə kiçik, lakin ümidverici addımlara işarə edib. Baş nazir xatırladıb ki, 2022-ci ilin iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri hava yükdaşımaları yaratmaq və üçüncü ölkə vətəndaşları üçün dövlətlərarası sərhədi açmaq barədə razılığa gəliblər. Nəticədə, 2023-cü ilin yanvarında ölkələr arasında birbaşa hava yüklərinə qoyulan qadağa aradan qaldırılıb. Baş nazir ümid edir ki, tezliklə sərhəd üçüncü ölkə vətəndaşları üçün açıq olacaq.

Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə 2022-ci ildə Praqada keçirilən görüşü də xatırladıb, görüşdə tərəflər münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə ediblər.

Ermənistanın baş naziri həmçinin İrəvanın Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı operativ reaksiyası barədə məlumat verib. O, humanitar yardım daşıyan konvoyların 30 il bağlı qalan quru sərhədindən Türkiyəyə göndərildiyini vurğulayıb.

Baş nazir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini də qeyd edib.

"Səfər və təmaslar sırf humanitar xarakter daşısa da, biz onun siyasi nəticələrini görməyə şad olacağıq", - Paşinyan bildirib.

Alpər