Ermənistan XİN rəhbəri Lavrovdan ölkənin daxili işlərinə qarışmamağı tələb etdi
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya XİN rəhbəri Sergey Lavrova ölkəsinin daxili işlərinə qarışmamaq çağırışı edib.
Qaynarinfo xəbər verir ki, Mirzoyanın bu açıqlamasını "News.am” yayımlayıb.
Ermənistan XİN rəhbərinin bu şərhi Lavrovun erməni din xadimlərinə qarşı istintaq tədbirləri və saxlanmaları ilə bağlı bəyanatına cavab olaraq verilib.
Lavrov "kilsəyə qarşı hücumların" narahatlıq doğurduğunu ifadə edib.
Buna cavab olaraq Mirzoyan qeyd edib ki, Lavrovun verdiyi məlumatlar "natamam və yanlışdır".
"Yanılmıramsa, o, 'hakimiyyətin kilsəyə qarşı mübarizəsi' ifadəsini işlədib. Lavrovun məlumatları həqiqətə uyğun gəlmir, Ermənistanda hakimiyyətin kilsəyə qarşı mübarizəsi aparılmır. Onun nəzərdə tutduğu, bir neçə kilsə xadiminin siyasi fəaliyyətdə iştirakıdır", - deyə Ermənistan XİN rəhbəri vurğulayıb.
O, bunun "hüquqi proses və Ermənistan Respublikasının daxili işi" olduğunu da əlavə edib.
"Lavrovun ölkənin daxili işlərinə qarışmaması daha yaxşı olardı", - deyə Mirzoyan bu çağırışı Rusiya deputatlarına və KİV-lərinə də ünvanlayıb.
Nazirin sözlərinə görə, RF "Ermənistanın suverenliyinə daha çox hörmət bəsləməli və heç vaxt ölkənin işlərinə qarışmamalıdır".
Məlum olduğu kimi, 25 iyun tarixində Ermənistanda çox səs-küylü saxlamalar baş verib. Hakimiyyət, "gücə əl atmaq" hazırlığı görən şəbəkənin üzə çıxarıldığını bildirib.
Xüsusilə, Baş nazir Nikol Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları Ermənistan Respublikasının sabitliyini pozmaq və hakimiyyəti ələ keçirmək üçün "cinayətkar ruhani oluqarxiyası" tərəfindən hazırlanmış genişmiqyaslı və qorxulu planın qarşısını alıblar.
KİV məlumatlarına görə, üsyan hazırlığını müxalifət hərəkatı olan "Müqəddəs Mübarizə" aparıb ki, bu da indiyədək qanuni üsullarla, əsasən genişmiqyaslı etiraz mitinqləri təşkil edərək hakimiyyətə qarşı mübarizə aparırdı.
Çevriliş tarixi kimi Ermənistanın Müstəqillik Günü olan 21 sentyabr nəzərdə tutulub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər