Cənubi Kipr tərəfində ötən il keçirilən Avropa Parlamenti seçkilərində müstəqil namizəd kimi iştirak edən və gözlənilməz nəticə ilə deputat seçilən "YouTuber" Fidias Panayotunun Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatarla müsahibəsi adada böyük ajiotaj yaradıb.
Qaynarinfo xəbər verir ki, Cənubi Kipr hökumətinin sözçüsü Panayotunun bu addımını "milli davaya zərbə" kimi qiymətləndirib.
Müxtəlif siyasi partiyalar onu "xain" elan edərək sərt tənqidlərə başlayıblar. Fidias və televiziya aparıcısı nişanlısı Stiliana Averkiu Cənubi Kipr küçələrində şifahi hücumlara məruz qalıb, cütlüyə sosial mediadan ölüm təhdidləri göndərilib. Bu reaksiyalar ŞKTC mediasında da geniş şəkildə işıqlandırılıb.
Fidias Panayotu ötən həftə sosial media kanalı üçün ŞKTC-nin yeni prezidentlik kompleksində Ersin Tatarla görüşərək, yunan siyasətinə zidd hesab edilən bir addım atıb. Cənubi Kipr rəhbərliyinin etirazlarına baxmayaraq, Fidias iki gün əvvəl həmin müsahibəni yayımlayıb. O, Ersin Tatarla görüşdə ŞKTC bayraqlarının istifadə olunmamasını istəyib. Müsahibənin əvvəlində bildirib:
"Ersin Tatarın fikirlərinin çoxu ilə razı deyiləm, amma bu müsahibəni heç bir kəsinti və montaj etmədən yayımlayıram".
Panayotu müsahibədə Ersin Tatarı sərt suallarla üz-üzə qoyub. O, "Ərdoğanın kuklasısınızmı? Türkiyədən pul alırsınızmı?" kimi suallar verib. Ersin Tatar isə bu sualları sakit şəkildə cavablayaraq bildirib ki, heç kimin kuklası deyil və Kiprdə yeganə həll yolunun türklərlə yunan arasında iki dövlətli model olduğunu düşünür.
Fidias Panayotu müsahibənin yayımlanmasından bir gün sonra "Alpha" televiziyasına açıqlamasında bildirib ki, yalnız siyasətçilərin deyil, sadə vətəndaşların da təhdidlərinə məruz qalıb. Onun sözlərinə görə, yaşlı bir yunan onu küçədə açıq şəkildə təhdid edib, nişanlısı Stiliana Averkiu isə fiziki hücumla qarşılaşıb. Ölüm təhdidləri aldığını deyən Fidias buna baxmayaraq Tatarla müsahibə verdiyinə görə peşman olmadığını bildirib.
Aydın
Şərhlər