ABŞ Hərbi Dəniz Qüvvələrinin gələcəyin döyüş mühitinə uyğun esmines donanması yaratmaq məqsədilə hazırladığı "Zumwalt" sinfinin layihəsi əvvəlcə böyük hədəflərlə başlamışdı. İlkin plana əsasən 32 gəmidən ibarət donanma yaradılması nəzərdə tutulurdu. Lakin artan xərclər, texniki problemlər və dəyişən təhdid anlayışı illər ərzində layihənin cəmi üç gəmidən ibarət proqramla məhdudlaşmasına səbəb oldu.
Qaynarinfo xəbər verir ki, "Zumwalt" sinfinin ən diqqətçəkən xüsusiyyətlərindən biri ölçülərinə baxmayaraq radar ekranında daha kiçik obyekt kimi görünməsi üçün hazırlanması idi. Gəmilərin radar əks-səthinin balıqçı qayığı səviyyəsində olması hədəflənirdi. Təkmil gizlilik texnologiyaları da layihənin əsas elementlərindən birinə çevrilmişdi.
Lakin bu texnoloji hədəflərin maliyyəti ilkin hesablamaları əhəmiyyətli dərəcədə üstələdi. İlk hesablamalara görə, bir gəminin qiymətinin 1,34 milyard dollar olacağı gözlənilirdi. Tədqiqat və inkişaf xərcləri də əlavə edildikdə bu rəqəm 7 milyard dolları keçdi. Ümumi xərclər isə təxminən 22 milyard dollara çatdı.
ABŞ qanunvericiliyində ilkin büdcəni 50 faizdən çox aşan layihələrin dayandırılmasını nəzərdə tutan müddəalar da mövcuddur. "Zumwalt" proqramında xərclərin kəskin artması bu həddin aşılmasına səbəb oldu və layihənin miqyasının azaldılmasında mühüm rol oynadı.
Dəniz sınaqları problemləri üzə çıxardı
Maliyyə problemlərinə texniki nasazlıqlar da əlavə olundu. Seriyanın ilk gəmisi "USS Zumwalt" 2015-ci ildə Panama kanalından keçərkən əsas pərlərinin kilidlənməsi səbəbindən hərəkət edə bilmədi və yedəklənməli oldu.
İkinci gəmi "USS Michael Monsoor" da oxşar problemlə üzləşdi. Gəminin turbin qanadları 2018-ci ildə keçirilən dəniz sınaqları zamanı ciddi zədələndi.
Silah sistemləri sahəsində də başqa problem ortaya çıxdı. "Zumwalt" sinfi üçün hazırlanan Təkmil Silah Sistemində (AGS) istifadə edilməsi nəzərdə tutulan sursatın bir mərmisinin qiyməti təxminən 800 min dollar idi. Bu qiymət sistemi üçün istifadə edilə bilən sursat təminatında ciddi problemlərə, hətta sistemin sursatsız qalmasına gətirib çıxardı.
Bundan əlavə, müvafiq kəşfiyyat hesabatlarında gəmilərin Çinin inkişaf etdirdiyi ballistik raket sistemləri qarşısında müdafiəsiz qala biləcəyi və mövcud raketdən müdafiə sistemlərindən effektiv şəkildə istifadə edə bilmədiyi qiymətləndirildi.
Beləliklə, əvvəlcə gələcəyin döyüş gəmilərindən biri kimi təqdim edilən layihənin dəyişən təhdid mühitində başqa bir rola ehtiyacı yarandı.
Layihə tamamilə dayandırılmadı
ABŞ Hərbi Dəniz Qüvvələri proqramın ləğv edilməsindən sonra əlindəki üç gəmidən də tamamilə imtina etmədi. İnşa edilmiş "USS Zumwalt" və "USS Michael Monsoor", eləcə də tikintisi davam edən "USS Lyndon B. Johnson" üçün fərqli yanaşma seçildi.
Funksionallığını itirmiş və artıq sursatı olmayan silah sistemlərinin gəmilərdən sökülməsi planlaşdırıldı. Onların əvəzinə nüvə və adi döyüş başlıqları daşıya bilən yeni nəsil sürətli zərbə sistemlərinin inteqrasiyasına qərar verildi.
Beləliklə, 32 gəmilik donanma yaratmaq məqsədi ilə başlayan "Zumwalt" proqramı cəmi üç gəmidən ibarət, missiyası sonradan dəyişdirilmiş daha kiçik bir layihəyə çevrildi.
Aydın
Şərhlər