Müğənni Elza Seyidcahan Laçın Günü ilə əlaqədar keçirilən tədbirdə diqqət çəkən obrazından danışıb.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Laçın Günündəki obrazı əsl Azərbaycan və türk xanımını xatırladır:
"Başımdakı qılıncımla deyirəm ki, biz hər zaman güclüyük. Qadın olmağımıza baxmayaraq, öz namusumuzu, qeyrətimizi, torpaqlarımızı, sənətimizi qorumağa hazırıq. Bizim igid oğlanlarımız var, şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı diləyirik. Hər dəfə şəhidlərimizi anırıq və bu gözəl günə görə şəhidlərin ruhuna dualar oxuyuruq".
Elza Seyidcahan Laçında bayramın bayrama qarışdığını da qeyd edib:
"II Qarabağ müharibəsindən sonra hər il Laçın Günü qeyd olunur. Laçın dünən çox gözəl idi, dadlı-ləziz yeməkləri, havası – hamısı bir-birinə qarışmışdı. Orada tək biz deyildik, incəsənət xadimlərinin də çıxışları oldu. Əvvəlki illərdə Laçın Günündə Süleyman Səncərin sözlərinə bəstələnmiş “Laçının dağlarında” kompozisiyasını ifa edirdim. Artıq bu əsəri hər bir laçınlı böyük səbirsizliklə gözləyir. Bu mahnıya görə hər il insanlar Laçın Gününə axın edirlər. Mənə çoxlu zənglər olur, deyirlər ki, “Elza xanım, biz orada olacağıq, sizi gözləyəcəyik”. Amma bu dəfə Laçın Günündə çıxışım fərqli oldu. Bir neçə istedadlı balamla daha bir kompozisiya təqdim etdim. Elnar, Fatimə və Rəvanə ilə birlikdə Nəbi Xəzrinin sözlərinə bəstələdiyim “Dəniz kimi” kompozisiyasını ifa etdik. İnsanlar göz yaşlarını saxlaya bilmədilər. Bacım Rasimə Seyidcahan da bu kompozisiyada vokal ifaçısı kimi çıxış edirdi”.
Elza Seyidcahan həmin uşaqlarla bundan sonra da layihələrini davam etdirəcəklərini vurğulayıb:
"Dəniz kimi” layihəsinin təsisçisi Hacı Quliyevdir. Bizə Avropa və ABŞ-dan dəvətlər olunur. Yəqin ki, yaxın gələcəkdə bu səfərlər baş tutacaq”.
Bahar Rüstəmli
Şərhlər