Amerikalı müğənni və aktrisa Selena Qomez onun və anası tərəfindən beş il əvvəl təsis edilən psixi sağlamlıq platforması “Wondermind”lə bağlı investorların irəli sürdüyü dələduzluq iddialarını rədd edib.
Qaynarinfo xəbər verir ki, “Disney” kanalında məşhurlaşan, daha sonra musiqi, kino və televiziya sahəsində fəaliyyətini genişləndirən Qomezin bu həftə əsas diqqəti “Only Murders in the Building” serialının altıncı mövsümünə yönəltməsi gözlənilirdi. Lakin investorların məhkəməyə müraciəti gündəmi dəyişib.
Beş investor Qomezin “Wondermind” platformasını lazımi şəkildə dəstəkləməməklə müqavilə öhdəliklərini pozduğunu iddia edir. Onların sözlərinə görə, bu səbəbdən şirkətə yatırdıqları təxminən 1,2 milyon dollar məbləğində vəsaitlə bağlı aldadılıblar.
Qomez isə ittihamları qəbul etmir. Onun vəkili Metyu Rozengart müğənninin iş üzrə cavabdeh kimi prosesdən çıxarılmasını istəyib. Hüquqşünas iddiaları “əsassız və zəif” adlandıraraq Qomezin ümumiyyətlə bu işə cəlb edilməməli olduğunu bildirib.

İnvestorlar Qomezin “dünyanın ən məşhur qadınlarından biri, milyard dollarlıq brendə və sosial mediada misilsiz platformaya sahib şəxs” kimi şirkətin marketinq rəhbəri rolunda biznesin aktiv şəkildə inkişaf etdirilməsində iştirak edəcəyinə inandırıldıqlarını iddia edirlər.
Qomezin vəkili isə bu iddiaları “qeyri-müəyyən, ümumiləşdirilmiş və ziddiyyətli” adlandırıb. Onun sözlərinə görə, Qomez şirkəti idarə etməyi və investorların iddia etdiyi öhdəlikləri heç vaxt üzərinə götürməyib.
“Onun barəsindəki iddialar nəinki əsassız, hətta mənasızdır”, – Rozengart bildirib.
Vəkil əlavə edib ki, hüquq komandası Qomez üçün digər hüquqi müdafiə yollarını, o cümlədən iddiaçılara qarşı sanksiya tətbiq edilməsini nəzərdən keçirir.

Qomezin sərt mövqeyi onun nüfuzunun qorunması ilə bağlı narahatlığını göstərə bilər. Bununla belə, vəziyyət müğənninin anasını daha çətin vəziyyətə salır. O, şirkətin özü və digər həmtəsisçi ilə birlikdə dələduzluq iddiaları ilə üzləşir.
Böhran kommunikasiyası üzrə ekspert, “Honest London” şirkətinin təsisçisi Loren Biçinq bildirib ki, Qomez ailə üzvü ilə biznes quran ilk məşhur deyil. Cenner-Kardaşyan ailəsi və tennisçi Uilyams bacıları buna uğurlu nümunələr kimi göstərilə bilər.
Lakin Bekhemlər ailəsi və Britni Spirs kimi nümunələr də göstərir ki, ailə münasibətləri ilə biznes maraqlarının birləşdirilməsi hər zaman problemsiz olmur.
Biçinqin sözlərinə görə, qohumlarla biznes qurmaq, istər bacı-qardaş, istər valideyn, istərsə də digər ailə üzvü ilə olsun, daha yüksək risk daşıyır.
“Bu, şəxsi münasibətlə biznes arasındakı sərhədləri və məşhur şəxsin reputasiyasını bir-birindən ayırmağı xeyli çətinləşdirə bilər”, – ekspert deyib.

O, ailə üzvlərinin birgə biznes qurması zamanı məsuliyyətlərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsini, müstəqil nəzarətin təmin olunmasını və problem yaranacağı təqdirdə hansı addımların atılacağının əvvəlcədən razılaşdırılmasını tövsiyə edib.
“Ailə münasibətləri şirkətin idarəetmə strukturu olmamalıdır”, – Biçinq vurğulayıb.
Ekspertin fikrincə, Qomez bu məhkəmə işi ilə bağlı reputasiyasına görə ciddi narahat olmaya bilər. Hadisənin müğənninin böyük şöhrəti səbəbindən mediada geniş işıqlandırılacağını bildirən Biçinq hesab edir ki, bu, onun əsas auditoriyasının xüsusilə maraq göstərəcəyi mövzu deyil.
“Neqativ başlıqların yaranması ilə uzunmüddətli reputasiya zərərinə səbəb olmaq arasında mühüm fərq var”, – o qeyd edib.
Biçinq şəxsi brendindən biznes məqsədləri üçün istifadə etməyi planlaşdıran məşhurlara isə belə məsləhət verib:
“Adınızı bir şirkətə verməzdən əvvəl reputasiyanızın biznes üçün nə edə biləcəyini soruşmayın. Əksinə, həmin biznesin nəticədə sizin reputasiyanız üçün nə edə biləcəyini düşünün.”
Aydın
Şərhlər