Xəbər lenti

Şeytanla istənilən razılaşma, Ukrayna əraziləri hesabına “pis sülh”... - Podolyakdan cavab
Dünya 16:21 17.12.2022

Şeytanla istənilən razılaşma, Ukrayna əraziləri hesabına “pis sülh”... - Podolyakdan cavab

Ukrayna müharibəsində istənilən ərazi güzəşti Kreml tərəfindən qələbə kimi qiymətləndiriləcək və Rusiya prezidenti Vladimir Putin bu halda etdiyi əməllərə görə cavab vermədən "simasını xilas edə” biləcək.

Qaynarinfo xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin məqaləsinə belə münasibət bildirib.

"Bütün "sadə həll yolları”nın pərəstişkarları aşkar olanı yadda saxlamalıdırlar: şeytanla istənilən razılaşma - Ukrayna əraziləri hesabına "pis sülh” – Putinin qələbəsi və bütün dünyada avtokratlar üçün uğur resepti olacaq”, deyə Podolyak yazıb.

Onun sözlərinə görə, belə bir qərar yalnız Rusiyanın iştahasını, Rusiyanın aqressivliyini əhəmiyyətli dərəcədə artıracaq, dünyada yeni münaqişələri artıracaq, raketləri beynəlxalq münasibətlərin alətinə çevirəcək və qeyri-sabitlik erasına gətirib çıxaracaq və nüvə silahı olmayan dövlətləri atomun yaradılmasına təşviq edəcək. 

"Müharibəyə son qoymağın və sülhün bərqərar olmasının yeganə mümkün yolu beynəlxalq hüquqa hörmətin qaytarılmasından keçir. Buna görə də Ukraynanın öz ərazilərini azad etməsi, Rusiya hərbi cinayətkarlarının açıq məhkəməsi və Rusiyanın uzun illər təzminat ödəmək öhdəliyi vasitəsilə”, - Podolyak bildirib. 

O əlavə edib ki, xoşbəxtlikdən, hər gün Putinin hələ də "simasını xilas etmək” istəyi ilə bağlı bu senari okeanın hər iki sahilindəki Qərb paytaxtlarında getdikcə daha çox başa düşülür.

"Biz bunu Stoltenberq və Borreldən, Ştaynmayerdən və dövlət katibi Blinkendən eşidirik. Bu, bir şey deməkdir: "sovetoloqlar"ın və həvəskarların istənilən anlaşılmaz vəziyyətdə Avropanın bir hissəsini qurban vermək vaxtı Berlin divarının uçması ilə başa çatıb. Məsuliyyətli liderliyinin vaxtı gəlib”, - deyə müşavir yekunlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer dekabrın 16-da "The Spectator” jurnalında "Yeni bir dünya müharibəsindən necə qaçmaq olar” adlı məqalə dərc edib. Orada o, Ukraynadakı müharibənin nizamlanmasına dair öz baxışını təqdim edib. 

O, məqalədə bildirib ki, Ukrayna və Rusiya münaqişəyə hərbi əməliyyatlar və ya danışıqlar yolu ilə son qoysalar, mübahisəli ərazilərdə öz müqəddəratını təyinetmə referendumları keçirilməlidir. O, Donbas və Krımı mübahisəli ərazilər adlandırıb. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Kissincerin ideyaları ilə tanış olmaqda maraqlı olacaq.

Xatırladaq ki, hələ may ayında Davosda çıxış edən Henri Kissincer Ukraynanı rus qoşunlarını məğlub etmək cəhdlərini dayandırmağa və danışıqlara qayıtmağa çağırıb. Onun fikrincə, Rusiya və Ukrayna müharibədən əvvəlki status-kvoya qayıtmalıdır. Ukrayna prezidenti Volodimir Zelenski onun mövqeyini tənqid edib və bildirib ki, Kissincer "Rusiyaya Ukraynadan bir parça verməyi” təklif edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->