Xəbər lenti

Fərəc Quliyevlə deputat arasında qalmaqal:
Siyasət 15:04 19.10.2022

Fərəc Quliyevlə deputat arasında qalmaqal: "Şəhidlərimizin ruhuna təhqirdir"

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 18 oktyabr müstəqillik aktının lehinə səs verənlərin cəmiyyətə qəhrəman kimi sırınmasını tənqid edib. O həmçinin, həmin dövrdə digər respublikaların Azərbaycandan öncə müstəqilliklərini elan etməsinə də diqqət çəkib:

"Bilirsiniz ki, artıq 31 ildir müstəqillik prosesinin gedişatı ilə bağlı bəzi insanları xalqımıza qəhrəman kimi sırımaq cəhdləri mövcuddur, amma etiraf edək ki, biz 18 oktyabrda müstəqilliyi tarixi proseslərin təbii axarında, SSRİ-nin dağılması fonunda yenidən əldə etmişik. Hətta cənab İlham Əliyevin Füzuli ictimaiyyəti ilə görüşdə də səsləndirdiyi kimi, bu məsələdə çoxlarından da geri qalmışıq. Digər dövlətlər 1991-ci ilin mart ayından bu prosesə start vermişdi, hətta qonşu Gürcüstan aprel ayında müstəqilliyini elan etdi, Rusiya özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Amma bizim o zamankı "üzdə olanlar” nə edirdi? Faktiki mövcud olmayan SSRİ-nin tərkibində qalıb-qalmamağı müzakirə edirdilər. Hətta bu məsələni referenduma çıxarmağı qərara aldılar. Budurmu qəhrəmanlıq?”.

Deputatın fikrincə, müstəqillik bərpa edildikən sonra 18 oktyabrı Müstəqillik Günü kimi qeyd etməyə başladılar ki, bu da aşkar formada təxribat idi: "Biz əgər Müstəqillik aktında özümüzü Xalq Cümhuriyyətinin varisi hesab edirdiksə, deməli, əvvəllər müstəqil olmuşuq, 18 oktyabr isə müstəqilliyin 70 ildən sonra bərpa olunduğu gündür”. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən istiqlalçı keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, bu sayaq açıqlamalardan təəccümlənmir:

"Bu adamın nəyə istinad edərək belə danışdığını bilmirəm, amma təəccüblənmirəm də. O vaxt müstəqillik aktına səsvermə zaman 360 deputatdan 231-i səs verdi. Azərbaycanda müstəqilliyimizi istəməyən Rusiya və İranın "uşaqları” var idi. 1991-ci ilin yanvarın 6-da 43 deputat SSRİ-nin saxlanılması barədə referendumun keçirilməsinə etiraz etdi. Referendumun keçirilməsilə bağlı qərar qəbul olunanda ciddi mübahisələrimiz oldu. Heydər Əliyev də onlar arasında idi. Hətta Naçıvanda referendumun keçirilməsinə imkan verilmədi. Bəhruz Məhərrəmov YAP-ın üzvüdürsə, öz liderinə sayğı göstərməlidir. O, tarixi bilmir, ya da öz səhvlərini qəbul etmir. 

SSRİ-nin dağılması təbii axar olmayıb. 1991-ci ilin avqustunda Yanayevin başçılığı ilə "QKÇP” çevrilişə cəhd etdi. Yəni SSRİ bütün hallarda müstəqillik məsələlələrinə müqavimət göstərirdi, son çırpıntılarını edirdi. Bunları Bəhruz bəy üçün danışıram ki, tariximizi bilsin. Bu adam Azərbaycan tarixini oxumayıb. 1920-ci ilin aprelində Cümhuriyyətimiz işğal olunsa da, mübarizə heç zaman dayanmadı. 1938-ci ilin sonuna qədər qaçaqçılıq hərəkatı oldu. 1941-1945-ci illərdə Rəsulzadınin siyasi rəhbərliyi və Düdənginskinin hərbi rəhbərliyilə regionlarımız döyüşdü. Sonradan Rəsulzadənin başçılığı ilə mühacirətdə mübarizə getdi. Elçibəyin rəhbərliyilə hərəkat başladı. Nəhayət, 1988-ci il hadisələri baş verdi. Müstəqilliyə gedən yolda 20 Yanvar hadisəsi var. Müstəqilliyi vermirlər, bunu hamı başa düşməlidir. Müstəqilliyə səs verənləri bir kənara qoysun. Amma müstəqilliyimiz bir günə həll olunmayıb. 20 yanvarda Bakıda qırğın törədəndə SSRİ-nin müdafiə naziri Yazov deyirdi ki, hərəkatı dağıtmağa gəlib. Hərəkat isə milli azadlıq hərəkatı idi”. 

Fərəc Quliyev deyir ki, Bəhruz Məhərrəmovun həmin açıqlaması şəhidlərimizin ruhuna da təhqirdir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->