Dünya 17:56 27.07.2022

Filippin Rusiya ilə 227 milyonluq müqaviləni ləğv etdi - Sanksiya xofu

Filippin Rusiya ilə Mi-17 helikopterlərinin alınması ilə bağlı 227 milyon dollarlıq müqaviləni ləğv edib. Hökumət ABŞ-ın sanksiyalarından qorxur.

Bu barədə Qaynarinfo "Associated Press”ə istinadən xəbər verir.

Filippinin keçmiş müdafiə naziri Delfin Lorenzana hələ vəzifədə olarkən keçən ay müqaviləni ləğv etdiyini söyləyib. Ölkənin o zamankı prezidenti Rodriqo Duterte bu qərarı təsdiqləyib.

Onun sözlərinə görə, Vaşinqton çoxmilyonluq sövdələşmədən narazılığını bildirə bilərdi.

"Biz sanksiyalara (ABŞ – red.) düşə bilərik”, - deyə eks-nazir bildirib.

Qeyd olunur ki, helikopterin alınması ilə bağlı müqavilə ötən ilin noyabrında bağlanıb. İlk partiya təxminən iki ildən sonra Rusiyanın "Sovtexnoeksport” şirkəti tərəfindən çatdırılmalı idi.

Xatırladaq ki, bundan əvvəl Filippinin 16-cı prezidenti Rodriqo Duterte Vladimir Putini Ukraynada mülki şəxslərin, o cümlədən uşaq və qocaların qətlinə görə tənqid etmişdi.

Nizami Bağırov