"Burada Fransanın İrəvana maliyyə, iqtisadi və hərbi köməyindən söhbət gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov İrəvanda səfərdə olan Fransa XİN-in başçısı Stefan Sejurnenin Ermənistanın Rusiyanın təzyiqlərindən qoruyacağı barədə vədini şərh edərkən deyib.
"Ümumiyyətlə, Qərbdə Rusiyaya qarşı kiməsə kömək etmək bir dəbdir. Onlar Ermənistana təhlükə mənbəyi kimi əvvəl Azərbaycanı göstərirdilərsə, ölkəmizin son bir ildə atdığı addımlar, xüsusən də nəqliyyat kommunikasiya məsələlərinin sülh sazişindən çıxarılması artıq bu iddiaların tam əsassız olduğunu ortaya qoydu. Ona görə də Qərb, xüsusən də Fransa indi ikinci valı işə salıb. Bu fonda da Rusiyaya qarşı Ermənistana kömək etmək iddiası ilə bağlıdır. Burada Fransanın İrəvana maliyyə, iqtisadi və hərbi köməyindən söhbət gedir", deyə Fərhad Məmmədov bildirib.
Həmsöhbətimiz qeyd edir ki, Paris Ermənistan vasitəsilə regionda özünün geosiyasi maraqlarını möhkəmləndirmək niyyətindədir:
"Fransa, ABŞ və digərləri Ermənistana, dediyim kimi, üç formatda, iqtisadi, siyasi və hərbi müstəvidə dəstək verir. Lakin Ermənistan həm Rusiya ilə ikitərəfli ittifaqda, habelə Avrasiya İqtisadi İttifaqında, MDB və KTMT-də necə var, elə də qalmaqda davam edir. Həmçinin, İrəvanın Rusiyadan iqtisadi asılılığı daha da artır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollar idisə, bu ilin 6 ayı ərzində 8,5 milyard dollar olub. İlin sonuna isə bu rəqəmin 14,6 milyard dollar olması planlaşdırılıb. Belədə, Ermənistanın Rusiyadan asılılığını necə azaldacaqları maraqlı prosesdir".
Qeyd edək ki, Ermənistanda səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurne İrəvanı Rusiyanın təzyiqlərindən qoruyacağı vədini verib. Bu məlumatı o, İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirib.
Rüfət Sultan
Şərhlər