ABŞ Qadınlar Futbol Liqasının (NWSL) "Seattle Reign" klubunun baş məşqçisi Laura Harvi mühüm taktiki qərarlarını süni intellekt modeli ilə məsləhətləşdiyini açıqlayıb. 
	
Qaynarinfo xəbər verir ki, Harvi ChatGPT-nin tövsiyəsi ilə beşli müdafiə sistemini sınadığını deyib. Bu etiraf, peşəkar idman dünyasında süni intellektdən istifadə sərhədləri ilə bağlı yeni müzakirələrə səbəb olub.
	
"Soccerish Podcast" verilişində danışan Laura Harvi bildirib ki, mövsümlərarası sınaqlar zamanı ChatGPT-dən məsləhət alıb. O, süni intellektə "NWSL komandalarını məğlub etmək üçün hansı taktiki düzülüşü seçməliyik?” sualını ünvanlayıb. ChatGPT isə liqadakı komandaları analiz edərək uyğun oyun düzülüşü təklif edib.
	
Harvi etirafında belə deyib: "İki komanda üçün də "beşli müdafiə oynamalısınız" dedi. Mən də dediyini etdim. Bu zarafat deyil, həqiqətən bu səbəbdən o sistemi seçdim".
	
 
Harvi bu taktikanı hansı iki rəqibə qarşı tətbiq etdiyini açıqlamasa da, "Seattle Reign" klubunun aprel ayında "Orlando Pride" komandasına qarşı keçirdiyi və məğlub olduğu oyunda beşli müdafiə ilə meydana çıxdığı məlumdur. Komanda hazırda NWSL turnir cədvəlində dördüncü pillədə qərarlaşıb və pley-off mərhələsinə vəsiqə qazanıb.
	
Peşəkar bir məşqçinin, xüsusilə də yüksək maaş və təzyiq altında çalışdığı bir mühitdə bu qədər vacib qərarı süni intellektin məsləhəti ilə verməsi diqqət çəkib. Bəziləri Harvinin bu açıqlamasını klubuna və NWSL liqasına diqqət çəkmək üçün atılmış PR addımı kimi qiymətləndirir. Digərləri isə bunu onun yeniliklərə açıq və dürüst bir mütəxəssis olduğunun göstəricisi hesab edir.
	
Ənənəvi olaraq, məşqçilər oyun planlarını müəyyənləşdirməzdən əvvəl saatlarla rəqib analizləri aparır, oyunçuların performans məlumatlarını öyrənirlər. Bu qədər riskin olduğu bir mühitdə taktiki qərarların süni intellektə etibar edilməsi klassik məşqçilik prinsipləri ilə ziddiyyət təşkil edir.
	
Bununla belə, süni intellektin idmanda rolu danılmazdır. Müasir futbol artıq oyunçu performanslarının və matç statistikasının dərin təhlilinə əsaslanır. Lakin ChatGPT-dən birbaşa "Hansı taktikadan istifadə etməliyəm?” sualını soruşmaq, sıradan bir analiz alətindən çox, bəziləri üçün işdən çıxma riskini belə doğura biləcək bir davranış kimi dəyərləndirilir.
	
Aydın
	
             
            
Şərhlər