Qəhvə təkcə enerji verən içki deyil, həm də qaraciyər sağlamlığının qorunmasına kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, alimlərin apardığı yeni genişmiqyaslı araşdırma göstərib ki, müntəzəm qəhvə istehlakı qaraciyər xərçəngi və digər ağır qaraciyər xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Tədqiqat çərçivəsində 350 mindən çox yetkin insanın qəhvə istehlakı təxminən 13 il ərzində izlənilib. Araşdırmanın nəticələrinə görə, gündə 5 və ya daha çox fincan qəhvə içən şəxslərdə qaraciyər xərçənginə tutulma riski qəhvə içməyənlərlə müqayisədə 50 faiz daha aşağı olub.
Mütəxəssislər həmçinin müəyyən ediblər ki, bu insanlarda qaraciyərin ağır zədələnməsi ilə xarakterizə olunan sirroz xəstəliyinin inkişaf etmə ehtimalı da təxminən üçdə bir nisbətində azalır. Araşdırma göstərib ki, gündə cəmi 1-2 fincan qəhvə içmək belə qaraciyər xəstəliklərindən ölüm riskinin azalmasına müsbət təsir göstərir.
Tədqiqatın müəllifi, doktor Hyunseok Kim bildirib ki, əldə olunan nəticələr qəhvə istehlakının qaraciyər sağlamlığını xəstəlik yaranmamışdan əvvəl də dəstəklədiyini göstərir. Onun sözlərinə görə, bu, uzunmüddətli qəhvə istehlakı ilə qaraciyər sağlamlığı arasındakı əlaqəni qiymətləndirən ən əhatəli araşdırmalardan biridir.
Araşdırma zamanı iştirakçılar gündə neçə fincan qəhvə içdiklərini, həmçinin şəkər və ya süni dadlandırıcılardan istifadə edib-etmədiklərini bildiriblər. MRT müayinələrinin nəticələri qəhvə içən şəxslərdə qaraciyər piylənməsinin, iltihabın və fibroz göstəricilərinin daha aşağı olduğunu ortaya qoyub.
Tədqiqatın maraqlı nəticələrindən biri də odur ki, qəhvənin müsbət təsiri yalnız kofeinli qəhvəyə aid deyil. Alimlər kofeinsiz qəhvə içənlərdə də oxşar qoruyucu təsirin müşahidə olunduğunu bildirirlər. Hətta qəhvəyə şəkər əlavə olunması belə onun faydalı təsirini tam aradan qaldırmır.
Bununla yanaşı, mütəxəssislər qəhvənin həddindən artıq qəbulunun da sağlamlıq üçün risk yarada biləcəyini xatırladırlar. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) yüksək kofein qəbulunun qan təzyiqini artıra biləcəyini nəzərə alaraq, gündə 4 fincandan artıq qəhvə içməyi tövsiyə etmir. Hamilə qadınlara isə gündəlik kofein qəbulunu 200 ml-dən çox etməmək məsləhət görülür.
Araşdırmada həmçinin vurğulanır ki, şəkərli və süni dadlandırıcılı içkilərin müntəzəm istehlakı qaraciyər xəstəlikləri və bəzi qaraciyər xərçəngi növlərinin riskini artıra bilər.
Mütəxəssislər qeyd edirlər ki, qaraciyər xəstəlikləri erkən mərhələlərdə əlamətsiz inkişaf etdiyi üçün "səssiz qatil" adlandırılır. Bu səbəbdən sağlam qidalanma, normal çəkinin qorunması və qəhvənin normada istehlakı qaraciyər sağlamlığının qorunmasına töhfə verə bilər.
Günay
Şərhlər