Kreml Türkiyədə keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammitinin nəticələrini yaxından izlədiyini bəyan edib. Rusiya tərəfi sammit ərəfəsində səsləndirilən bəyanatların əsasən Moskvanı hədəf aldığını bildirib.
Qaynarinfo xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, NATO sammitindən çıxacaq qərarlar və yekun sənədlər Rusiya tərəfindən diqqətlə təhlil olunacaq.
Onun sözlərinə görə, sammitdən əvvəl Rusiyaya qarşı "qarşıdurma və aqressiv xarakterli" bəyanatlar səsləndirilib. Peskov bununla yanaşı, Moskvanın Vaşinqtonla dialoqu davam etdirdiyini də vurğulayıb.
"ABŞ administrasiyası ilə təmaslarımız davam edir. Sülhün təmin olunmasına yönəlmiş səylərin uğurlu olacağına ümid edirik", – deyə Kremlin sözçüsü bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi NATO sammitində alyansa üzv ölkələrin liderləri bir araya gəlib.
Sammit çərçivəsində Ərdoğanın ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, Slovakiya prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstan prezidenti Rumen Radev, Monteneqronun Baş naziri Miloyko Spayiç, NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Bununla yanaşı, sammit çərçivəsində xarici işlər və müdafiə nazirlərinin işçi iclasları da keçiriləcək.
Həmçinin 2004-cü ildə yaradılmış İstanbul Əməkdaşlıq Təşəbbüsü çərçivəsində Qətər, Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin iştirakı ilə xüsusi toplantı təşkil olunacaq.
NATO sammitində müttəfiq ölkələr arasında birlik və həmrəylik mesajlarının verilməsi əsas gözləntilərdən biri hesab edilir.
Müzakirələr zamanı Avropanın konvensional müdafiə sahəsində daha böyük məsuliyyət daşıması, ABŞ-ın Avropadakı hərbi mövcudluğunun yenidən qiymətləndirilməsini nəzərdə tutan "NATO 3.0" konsepsiyası, eləcə də Ukraynaya gələcək dəstək məsələlərinin əsas gündəm mövzuları olacağı gözlənilir.
Bundan əlavə, üzv dövlətlərin müdafiə xərclərinin artırılması və müdafiə sənayesinin istehsal imkanlarının genişləndirilməsi ilə bağlı yeni öhdəliklər götürməsi gözlənilir.
Qeyd edək ki, Ankarada keçirilən NATO sammiti beynəlxalq media nümayəndələrinin sayına görə alyans tarixinin ən geniş işıqlandırılan toplantılarından biri kimi qiymətləndirilir.
Günay
Şərhlər