Qəhvədən tamamilə imtina etmək və ya onun istehlakını azaltmaq istəyənlər üçün müxtəlif alternativlər mövcuddur.
Qaynarinfo "Verywell Health” nəşrinin yazdığına görə, bu içkilərin bəzilərinin tərkibində kofein var, digərləri isə tamamilə kofeinsizdir. Bununla belə, onların hər biri sağlamlıq üçün müəyyən faydalar verə bilər.
Matça
Toz halına salınmış yaşıl çaydan hazırlanan matça antioksidant epiqallokatexin qallat (EGCG) ilə zəngindir. Araşdırmalara görə, bu maddə iltihabı azaltmağa və ürək sağlamlığını dəstəkləməyə kömək edə bilər.
"Molecules” jurnalında dərc olunmuş tədqiqatda bildirilir ki, matçanın tərkibindəki kofein və L-teanin amin turşusunun birgə təsiri qəhvə ilə müqayisədə daha sabit enerji səviyyəsi və diqqətin cəmlənməsini təmin edə bilər.
Masala çayı
Darçın, hil, zəncəfil, mixək və qara istiot əlavə edilmiş qara çaydan hazırlanan masala çayının bir fincanında təxminən 21 milliqram kofein olur. Müqayisə üçün, bir fincan qara qəhvədə bu göstərici təxminən 90 milliqramdır.
Mütəxəssislərin fikrincə, tərkibindəki ədviyyatlar immun sistemini, ürək sağlamlığını və həzm sisteminin fəaliyyətini də dəstəkləyə bilər.
Göbələk qəhvəsi
Bu içki üyüdülmüş qəhvənin kordiseps, reyşi, şaqa, Lion's Mane və digər müalicəvi göbələklərlə qarışığından hazırlanır.
Reseptdən asılı olaraq, onun tərkibində kofein ola da bilər, olmaya da. Məqalədə qeyd olunur ki, bu göbələklər adaptogen hesab olunur və orqanizmin stresə uyğunlaşmasına kömək edə bilər.
Yerba mate
Cənubi Amerikaya məxsus bu içki paraqvay padubunun yarpaqlarından hazırlanır.
"Nutrients” jurnalında dərc olunmuş araşdırmaya görə, bir fincan yerba mate təxminən 80 milliqram kofein ehtiva edir. Tərkibindəki teobromin və teofilin sayəsində enerji versə də, bəzi insanlarda qəhvə ilə müqayisədə daha az həyəcan və əsəbilik yarada bilər.
Kasnı qəhvəsi
Qovrulmuş kasnı kökündən hazırlanan bu içkinin dadı qəhvəni xatırladır, lakin tərkibində kofein yoxdur.
Kasnı kökü bağırsaq mikrobiotasını dəstəkləyən inulin prebiyotiki ilə zəngindir və yüngül işlədici təsir göstərə bilər.
Nanə çayı
Nanə çayı oyadıcı təsir göstərməsə də, köp və ürəkbulanma kimi həzm sistemi pozğunluqlarının yüngülləşdirilməsinə kömək edə bilər.
Qızıl süd
Bu içki isti süd, zərdəçal, darçın və qara istiotdan hazırlanır.
"ACS Pharmacology & Translational Science” jurnalında dərc olunmuş araşdırmaya görə, qara istiot zərdəçalın əsas aktiv maddəsi olan kurkuminin mənimsənilməsini əhəmiyyətli dərəcədə artırır.
Roybuş çayı
Cənubi Afrikaya məxsus roybuş çayı kofein ehtiva etmir.
Tərkibindəki aspalatin və kversetin kimi antioksidantların ürək sağlamlığını dəstəkləyə biləcəyi bildirilir.
Qeyd edək ki, bu içkilər sağlam həyat tərzinin bir hissəsi ola bilər. Lakin onların hər hansı xəstəliyin müalicəsi və ya qarşısının alınmasında effektivliyi kifayət qədər elmi sübutlarla təsdiqlənməyib. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər qidalanmalarında dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Aydın
Şərhlər